AzMİU-da I Azərbaycan-Ukrayna konfransı öz işinə başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Building innavations-2018” mövzusunda I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı öz işinə başlayıb. Ukrayna, Almaniya, Özbəkistandan böyük tərkibdə elm adamının qatıldığı iki günlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət rəsmiləri də iştirak ediblər.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova  giriş nitqi ilə çıxış edərək, konfransın iştirakçılarını salamlayıb.  Konfransın aktual mövzuya həsr olunduğunu deyən rektor qeyd edib ki, tikinti istehsalatının sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. O, inkişaf edən ölkəmizdə inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, dünyada kəşf olunan müasir texnika və texnologiyaların respublikamızın tikinti sektoruna uğurla tətbiq edildiyini vurğulayıb. Rektor bildirib ki, bu gün tikinti sektorunda innovasiya potensialının artırılması artıq dövlət priоritetlərinindən birinə çevrilib. Bu sektora yönəldilmiş innovasiya fəaliyyətlərinin maliyələşməsinə ayrılan büdcə və büdcədənkənar vəsaitlər bir daha bunu sübut edir. G.Məmmədova çıxışında bu gün paytaxtda və bölgələrədə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərinə də toxunub, qonaqlara möhtəşəm tikililər - Azərbaycanın simvoluna çevrilən “Alov” qüllələri, Heydər Əliyev mərkəzi, “Ağ şəhər” layihəsi, Bakı bulvarı və s. haqqında ətraflı məlumat verib..        

 

Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisadiyyat elmləri doktoru, professor, təşkilat komitəsinin həmsədri Vladimir Onişenko 21 əməkdaşının konfarnsa qatıldığını,  120-dən artıq məqalə və tezisin çap olunduğunu deyib. O,  konfransın müasir innovativ texnika və texnologiyaların  tikinti istehsalatına tətbiqi sahəsində əldə edilən yeniliklərin elm ictimaiyyətinə çatdırılmasında xüsusi yeri olacağını bildirib.

 

Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mischenko  konfransın  işinə uğurlar arzulayıb. Səfirlik fəaliyyəti çərçivəsində diplomat kimi çalışdığı ölkələr arasında Azərbaycanın xüsusi yeri olduğunu vurğulayan səfirin  dediyinə görə, Ukraynadan gələn nümayəndə heyətinə xalqımızın qonaqpərvərliyindən, istiqanlılığından, səmimiliyindən ağızdolusu danışıb, həmvətənlərinə Bakıya, Azərbaycana tez-tez gəlməyi tövsiyə edib. Çıxışının sonunda o, I Azərbaycan – Ukrayna beynəlxalq konfransının ərsəyə gəlməsinə görə hər iki tərəfə təşəkkür edib, elm və təhsil sahəsində, o cümlədən ali təhsil müəssisələri ilə alimlər arasında qurulan əməkdaşlığın, ölkələrarası əlaqələrin inkişafına mühüm təsir göstərən məqamlardan olduğunu da xüsusi vurğulayıb. 

 

Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov təhsil naziri Ceyhun Bayramovun konfrans iştirakçılarına salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb. O qeyd edib ki, inşaat sektoruna mütəxəssis hazırlayan ali təhsil ocağında dövrümüz üçün aktual olan mövzuya həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu sahədə olan yeniliklərin öyrənilməsi, tədqiqi və tətbiqi  istiqamətində mühüm addım olacaq.  

 

Plenar iclasda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, “Dizayn” kafedrasının professoru, memarlıq doktoru Nərgiz Abdullayeva “Azərbaycanın XX əsr sənaye memarlığının inkişaf mərhələləri və xarakterik xüsusiyyətləri” mövzusunda çıxış edib. Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Memarlıq və şəhərsalma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Aleksandr Semkonun çıxışı isə Polad dəmir-beton konstruksiyalarının Ukraynada inkişafı” mövzusuna həsr olunub.

 

Plenar məruzələrdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. 



24.05.2018 | 18:46