Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Qloballaşan dünyada  hər bir ölkənin gələcəyini təmin edəcək  gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır.  Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin  istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri  nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini  verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye,  bank, İKT,  dövlət qulluğu və digər sahələrdə öz uğurlu  karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

 

 

Vüqar HEYDƏROV,

Böyük Britaniyanın Edinburq Universitetinin məzunu

 

1991-ci il 14 iyun tarixində Bakı şəhərində anadan olub.  2009-cu ildə 287 nömrəli   “Zəkalar” liseyini bitirib.    2009-cu ildə ali məktəblərə keçirilən  qəbul imtahanında iştirak edərək II  qrup üzrə 680 bal toplayaraq  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə”  fakültəsinin “Menecment”  ixtisasına qəbul olunub. Qəbulda göstərdiyi  yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq görülüb.  2013-cü ildə İdarəçilik Akademiyasını bitirib,  həmin ildə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA proqramına qəbul olunub.   2014-cü ildə həmin proqramın birinci kursunu bitirdikdən sonra xaricdə təhsillə bağlı akademik məzuniyyət götürüb.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı” çərçivəsində  2014-2015-ci illərdə Böyük Britaniyanın Edinburq Universitetində “İnsan resurslarının idarə olunması”  ixtisası üzrə  magistratura təhsili alıb.   2016-cı ilin iyun ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramını müvəffəqiyyətlə bitirib.

2012-2014-cü illərdə  Fairmont Bakı Otelində heyətin idarəedilməsi üzrə koordinator vəzifəsində çalışıb. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayına kimi  “PMD Group”da əvvəlcə insan resursları üzrə mütəxəssis, daha sonra isə baş mütəxəssis kimi fəaliyyət göstərib. 

Hazırda “PMD Group”un  kənd  təsərrüfatı bölümünə tabe olan “Grand-Agro” MMC-də insan resursları üzrə menecer vəzifəsində çalışır.

 

 

Namiq QULİYEV,

Böyük Britaniyanın Queen Mary Universitetinin  məzunu

 

11 fevral 1988-ci il tarixində Naxçıvan şəhərində anadan olub.  Bakıdakı   45 nömrəli tam orta məktəbi  bitirib. 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi”  ixtisası üzrə yüksək qiymətlərlə bakalavriat təhsili alıb. Hərbi xidmətini tamamladıqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (indiki Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi) keçirdiyi müsabiqə və müsahibə mərhələlərində yüksək nəticə göstərərək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qulluğuna qəbul olunub.  Dörd ilə yaxın müddətdə işlədiyi dövr ərzində nümunəvi dövlət qulluqçusu kimi kollektivin hörmətini qazanıb,  daxili audit, qiymətli kağızlar və törəmə maliyyə alətləri kimi bir çox təlim və treninqlərdə iştirak edib.   2014-cü ildə  maliyyə sahəsində biliklərini daha da dərinləşdirmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici ölkələrdə təhsili üzrə  Dövlət Proqramı”na keçirilən müsabiqədən müvəffəqiyyətlə keçərək Böyük Britaniyada təhsilini davam etdirmək imkanı əldə edib.  Queen Mary  Universitetində “Maliyyə”  ixtisası üzrə magistr dərəcəsi  alıb.  “Rusiyada bank sektorunun rəqabətlik dərəcəsi”  dissertasiya işi fərqlənmə (distinction) ilə qiymətləndirilib.

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışır. Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində də  pedaqoji fəaliyyətini davam etdirir.

 

 

Kənan HƏSƏNOV, 

Böyük Britaniyanın  Nottingem Universitetinin məzunu 

 

1992-ci il  15 avqust tarixində  Rusiya Federasiyasının İrkutsk şəhərində anadan olub. 2009-cu ildə Xətai  rayonundakı  245 nömrəli tam orta məktəbi  bitirib.  Elə həmin ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sənayenin təşkili və idarə edilməsi” fakültəsinə daxil olub.  Bakalavr pilləsində təhsil aldığı  zaman müxtəlif  intellektual oyunlarının qalibi olub.  2013-cü ildə “Bakinskaya Jemçujina - Bakı İnciləri” adlı beynəlxalq turnirə vəsiqə qazanmış və  “Mister X” adlı komandanın kapitanı kimi iştirak edib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələr və magistrantların XXVIII elmi konfransında iştirak edib və məqaləsi  birinci yerə layiq görülüb. 2014-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  təqaüdünü qazanmış və magistr dərəcəsi üzrə Birləşmiş Krallığın Nottingem Universitetinin “İT-nin idarəedilməsi”  fakültəsinə daxil olub. 2015-ci ildə Nottingem Universitetini  fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı zaman qrup rəhbəri vəzifəsinə təyin edilmiş və Xarici Əlaqələr Departamentində Asiya ölkələri üzrə koordinator vəzifəsində çalışıb. 2012-ci ildən etibarən ERA Marketing Center mərkəzində  baş mühasib vəzifəsində,  Şimal-Qərb MMC internet provayder şirkətinin təsisçisi kimi fəaliyyət göstərib.

Hazırda ERA Consulting MMC şirkətində layihə rəhbəri və baş analitik, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində “Marketinq və marketinqin əsasları” fənni üzrə mühazirəçi müəllim  vəzifələrində çalışır. Xaricdə təhsil aldığı təcrübəyə əsaslanaraq hazırda Distant Təhsil portalı üzərində işləyir.

 

 

Bəhruz MEHDİYEV,

Böyük Britaniyanın Heriot Watt Universitetinin məzunu

 

14 mart 1992-ci il tarixində Bakıda ziyalı ailəsində anadan olub.  Orta təhsilini Bakıdakı Ərəstun  Mahmudov adına  220 nömrəli  məktəb-liseydə müvəffəqiyyətlə (məktəb birincisi kimi) başa vurub.

2008-ci ildə  Bakı şəhəri məktəblərarası fizika  fənn  olimpiadasında I yerə layiq görülərək Təhsil Nazirliyinin  diplomu ilə təltif olunub.

2009-cu ildə Azərbaycan Dövlət Neft ve Sənaye Univesitetinin  bakalavr pilləsində “Neft-qaz mühəndisliyi”  fakültəsinə daxil olub.  2011-ci ildə Böyük Britaniyanın Aberden Universitetində   “Neft -qaz mühəndisliyi” ixtisası üzrə  bakalavr təhsilini davam etdirib.  2015-ci ildə bu təhsil ocağını  əla qiymətlərlə başa vuraraq məzun olub.  2015-2016-cı  ildə vətənə qayıdaraq “bp-Azərbaycan”  şirkətində  10 ay müddətində məzun proqramında sınaq müddəti keçib.   bp-də məzun proqramında iştirak edərkən sahəsi üzrə  ixtisaslı mütəxəssis olmaq  üçün magistr dərəcəsində  təhsil almaq qərarına gəlib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  çərçivəsində  Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot Watt Universitetinin “Neft-qaz yataqlarının qiymətləndirilməsi və idarə olunması”  ixtisası üzrə magistratura  təhsilini uğurla başa vurub.

Hazırda Bakıda  “Halliburton Eurasia Ltd.”  neft  şirkətində çalışır. Bu sahədə  ölkəmizə xeyir verməyi, əldə etdiyi nailiyyətləri praktik  istiqamətdə daha da artıraraq  ixtisaslı kadr kimi ali tədris ocaqlarında uyğun  ixtisası  üzrə tədqiqatlar aparmağa dair gələcək planları var. 

 

 

Mətin İBRAHİMOV,

ABŞ-ın Harvard Universitetinin məzunu

 

1983-cü ildə Sumqayıt şəhərində  anadan olub.  2000-ci  ildə  Sumqayıtda texniki və təbiət elmləri liseyini əla qiymətlərlə bitirib. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika”  fakültəsinə daxil olub. 2003-cü ildə dövlət  xətti ilə Türkiyəyə göndərilərək İstanbul Universitetinin   “Tibb” fakültəsində təhsilini davam  etdirib.  2006-cı  ildə  baza ali  tibb  təhsili  dərəcəsi  alıb. 2006-2012-ci illərdə İstanbul Universiteti “Cərrahpaşa” tibb fakültəsində  “Qulaq-burun-boğaz cərrahiyyəsi”  ixtisası üzrə rezidentura  təhsilini başa vurub.  Türkiyədə 15 min  həkim arasında TUS sınavında birinci olub.   “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2014-cü illərdə  Harvard Universitetində “Qulaq-burun-boğaz xəstəlikləri” üzrə ixtisasartırma təhsili alıb.

Hazırda Bakıdakı “Oksigen” klinikasında  qulaq-burun-boğaz xəstəlikləri üzrə uzman həkim olaraq çalışır.

 

 

Fariz QULİYEV,

Kanadanın Alberta Universitetinin məzunu

 

22 oktyabr 1984 tarixində Bakı şəhərində anadan olub. 2001-ci ildə  Bakıdakı  5 nömrəli  kimya-biologiya təmayüllü Respublika  liseyini bitirib. Elə həmin ildə  663 balla Azərbaycan Dövlət İqtisad Universitetinin  “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə daxil olub. Ümummilli lider Heydər Əliyevin tələbələrlə görüşündə iştirak edib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  “Xüsusi İstedadlar Qrupu”nu fərqlənmə ilə bitirib.

2005-2007-ci illərdə Roçester Texnologiya İnstitutunda (Nyu York, ABŞ) biznes təhsili alıb və tələbəlik müddətində aktiv ictimai fəaliyyət göstərib. 2008-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (İqtisadiyyat və Sənaye Nazirliyi) Xarici Əlaqələr şöbəsinin Beynəlxalq İqtisadi Təşkilatlarda Əməkdaşlıq sektorunda mütəxəssis vəzifəsində çalışıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2013-cü illərdə Kanadanın Alberta Universitetində “Təbii resurslar, enerji və ətraf mühitin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alıb.

Hazırda UNEC Biznes Məktəbinin direktor müavini və “İqtisadiyyat və biznesin idarəedilməsi” kafedrasında müəllim vəzifələrində çalışır.

 

 

Hənifə QOCAMANOVA,

Böyük Britaniyanın Nottingem Universitetinin məzunu

 

1 oktyabr 1992-ci il tarixində Bakı şəhərində anadan olub. 1999 - 2010-cu illərdə Bakıdakı 83 nömrəli tam orta  məktəbdə  təhsil alıb. 2010-cu ildə  ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək dövlət sifarişi əsasında Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olunub,   2014-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi müsabiqədə   “İlin ən yaxşı tələbəsi” fəxri adı ilə təltif edilib.  2014-cü ildə Birləşmiş Krallığın Nottingem Universitetində  “Beynəlxalq kommersiya hüququ”  ixtisası  üzrə təhsil almaq hüququ qazanıb və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müsabiqəsindən müvəffəqiyyətlə keçərək Nottinqem Universitetində dövlət hesabına magistratura təhsili almağa başlayıb.

Hazırda özəl konsaltinq şirkətində hüquqşünas vəzifəsində çalışır.

 

 

Cavid MƏMMƏDOV,

Böyük Britaniyanın London İmperial Kollecinin məzunu

 

1988-ci ildə Bakıda anadan olub.  X sinfi Bakıdakı N. Tusi adına Gimnaziyada, XI sinfi isə Amerika Birləşmiş Ştatlarının  Vermont ştatında bitirib.  2004-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək   Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat”  fakültəsinin “Tətbiqi-geodeziya”  ixtisasına qəbul olunub. 2008-ci ildə  təhsilini  başa vuraraq bakalavr dərəcəsi alıb.  Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  çərçivəsində 2011-2013-cü illərdə Böyük Britaniyanın London İmperial Kollecində “Mühəndislik”  ixtisası üzrə magistratura  təhsilini başa vurub.   2007-2008-ci illərdə bp-də  və ABŞ-ın  KBR  mühəndis - tikinti  şirkətlərində iş təcrübəsi qazanıb. 2008-ci ildən Beynəlxalq Mühəndislər  İnstitutunun (Institution of Civil Engineers)  üzvüdür.

Hazırda BP şirkətində konstruksiya üzrə mühəndis vəzifəsində çalışır.

 

Oruc MUSTAFAYEV

 


23.02.2018 | 12:30