"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

İyunun 10-da məktəbdənkənar fəaliyyət üzrə “Biz planetin uşaqlarıyıq” onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 may-10 iyun tarixlərində keçirilib.

 

Mövcud COVID-19 pandemiyası ilə əlaqədar onlayn formada təşkil edilən müsabiqənin keçirilməsində əsas məqsəd karantin müddəti ərzində digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

 

Müsabiqəyə respublikanın regionları və Bakı şəhərində fəaliyyət göstərən 50 uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvləri ilə yanaşı ABŞ, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Belarus məktəbliləri də qatılıb.

 

2 mərhələ və 3 yaş qrupu (6-9, 10-13 və 14-18) üzrə keçirilən müsabiqəyə ümumilikdə 2000 nəfərdən artıq iştirakçı tərəfindən 2350 rəsm işi təqdim edilib. Təqdim edilən rəsmlərin işləmə texnikası sərbəst olub.

 

İyunun 9-da müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilən münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə işlər qiymətləndirilərək qaliblər müəyyən olunub.  Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.

 

 



10.06.2020 | 12:55