“Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda “Dəyirmi masa” | |
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda “Dəyirmi masa” keçirilib.
İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmlər doktoru Kamilə Əliyeva, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan ailələrinin möhkəm bünövrə əsasında formalaşması, ailələrin dağılmasının səbəblərinin araşdırılması və bu sahədə aparılan maarifləndirmə işlərinin daha da gücləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. Bildirilib ki, bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır.
“Dəyirmi masa”da ailələrin dağılmasının səbəblərini araşdırmaq üçün monitorinqlərin aparılması, kütləvi şəkildə maarifləndirmə işlərinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.
İclasda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdır. İdarə müdiri həmçinin, ümumi təhsil müəssisələrində milli-mənəvi dəyərlərin qorunması, gənclərin həyata hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirilən maarifləndirmə işlərinin əhəmiyyətindən söz açıb. M.Vəliyeva çıxışında məktəblərdə psixoloji xidmətin təşkili və uşaqların internetdən istifadəsi məsələlərinin tənzimlənməsinin vacibliyinə də toxunub.
Sonda dövlət qurumlarının nümayəndələri onlara ünvanlanan sualları cavablandırıblar.
|
|
24.05.2018 | 16:49 | |
|
|
|