“Kimya” laboratoriyasında sərbəst yodun alınması təcrübəsi

Naxçıvan Dövlət Universiteti (NDU) təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” laboratoriyasında növbəti onlayn təlim keçirilib.

 

Kimya elminin bir bolməsi olan  fiziki-kimya fənninə həsr edilən təlimi Naxçıvanın Əməkdar müəllimi, universitetin “Kimya” kafedrasının müəllimi Akif Əliyev aparıb. Kimyəvi təcrübə "Yodid turşusunun hidrogen peroksidlə oksidləşmə reaksiyasının sürət sabitinin təyini" mövzusu əsasında təşkil olunub. Təcrübədə sərbəst yodun alınması prosesi izlənilib və nəticə dəfələrlə müşahidə edilib. Kimya ixtisası üzrə III kurs tələbələrinin assistentlik etdiyi təcrübənin nəticələri lövhədə qeyd edilib və hesablanıb.

 

Universitetin “Kimya” kafedrasının müdiri Sevinc Kərimova bildirib ki, artıq laborator təcrübələrin keçirilməsi universitetdə bir ənənə halını alıb. Tələbələrin məlum səbəbdən dərslərdən geri qalmamalarını təmin etmək üçün bu təcrübələrin əhəmiyyəti vurğulanıb.  Diqqətə çatdırılıb ki, yaradılan imkanlardan istifadə  gələcəkdə elmi-tədqiqat işlərində də faydalı əhəmiyyətə malikdir.

 



09.06.2020 | 16:27