MDU - nun magistrant və doktorantları UNEC-də təşkil olunan beynəlxalq elmi konfransda iştirak ediblər

2020-ci ilin 29-31 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunmuş “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfrans”ı keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Paşa Holdinqin sponsorluğu ilə distant formada təşkil olunan beynəlxalq konfransda dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı məruzə ilə çıxış edib.

 

UNEC və Mingəçevir Dövlət Universiteti (MDU) arasında elmi əməkdaşlığın inkişafının növbəti göstəricisi olaraq, sözügedən nüfuzlu beynəlxalq konfransda MDU-nun 3 magistrantı və 6 doktorantı fəal iştirak edib. Belə ki, konfransın bölmə iclaslarında MDU-nun müəllimi, UNEC-in dissertantı Aynur Namazova “Müasir şəraitdə Azərbaycanın investisiya siyasətinin istiqamətləri”, MDU-nun baş müəllimi, UNEC-in dissertantı Zaur Rəsulov “Gənc mütəxəssislərin işgüzar karyerasının inkişafı problemləri”, MDU-nun baş müəllimi, doktorant Məlahət Rəhimova “Aqrar sahədə innovasiyalardan istifadə meyilləri”, MDU-nun müəllimi, doktorant Yeganə Məmmədli “Aqrar sahədə modernləşmənin istehsalın inkişafına təsiri”, MDU-nun müəllimi, doktorant Xəyalə Xəlilova “İnsan resurslarının idarə edilməsində motivasiya məsələləri”, MDU-nun müəllimi, dissertant Saqib Məmmədov “Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu”, MDU-nun magistrantı Pünhan Musayev “Pandemiya şəraitində makroiqtisadi sabitliyin təmin olunmasında Azərbaycan dövlətinin fiskal və monetar siyasətinin əsas xüsusiyyətləri”, MDU-nun magistrantı Nuranə Abbasova-Zeynalova “Texnoparkların yaradılması təcrübəsi” və MDU-nun magistrantı Əhəd Abdulxalıqov “Strateji yol xəritəsində qeyri-neft sektorunun inkişafının hədəfləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

MDU-nun gənc əməkdaşları və magistrantları tərəfindən təqdim olunan məruzələr konfransın bölmə iclaslarının iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, MDU-nun sözügedən beynəlxalq konfransda təmsil olunması UNEC və MDU arasında 2019-cu ildə imzalnmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.

 



05.06.2020 | 22:17