Gəncə Dövlət Universitetində məzun günü

Mayın 23-ü Gəncə Dövlət Universitetində təntənəli məzun günü  keçirilib. İkinci tədris korpusunda, şəhərin Bayraq Meydanında keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə, Gəncə Dövlət Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş kitab  və pedaqoji fakültənin tələbələrinin idmanda qazandıqları uğurları və tələbələrin əl işlərini əks etdirən rəsm sərgilərinə baxış keçirilib.

 

Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusi vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında da ətraflı məlumat verib. Bildirib ki, bu il ali təhsil ocağını 1346 bakalavr və 167 magistr bitirir.

 

Ulu öndər Heydər Əliyevin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etməsini qeyd edən elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə ümummilli liderin layiqli davamçısı  Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb.

 

Pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyev çıxışında müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Riyaziyyat-informatika fakültəsinin tələbələri Hekayət Əhmədzadə və Nigar Əliyeva,  fizika və texniki fənlər fakültəsinin tələbəsi Səbinə Hüseynli məzunlar adından ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına  söz veriblər.

 

Valideynlər övladlarına uğurlar arzulayıb, onların məzun  olmasından sevindiklərini ifadə ediblər.

 

Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup tələbəyə rektorun  əmri ilə fəxri fərmanlar verilib, bir qrup tələbənin valideynlərinə isə təşəkkür məktubu ünvanlanıb.      

         

 



24.05.2018 | 12:54