Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü | |
İyunun 4-də Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası ilə əlaqədar tələbələrin və onların valideynlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunub.
Semestr müddətində MDU müəllimləri tərəfindən təqdim olunan məsafədən dərslərdə fəal iştiraka görə tələbələrə təşəkkür edən Ş.Bayramov görüş iştirakçılarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarı, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müvafiq təlimat və razılıq məktubları, eləcə də MDU Elmi Şurası tərəfindən qəbul edilən “Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrində imtahan sessiyasının təşkili qaydaları” barədə ətraflı məlumat verib. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş və müvafiq təhsil haqqını ödəmiş sonuncu kurs tələbələrinin təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlarını bildirən rektor eyni yanaşmanın pedaqoji və istehsalat təcrübəsinə də tətbiq ediləcəyini bildirib.
Ş.Bayramov bakalavriat səviyyəsində birinci, ikinci, üçüncü kurslarda təhsil alan tələbələrin və magistratura səviyyəsində birinci kursda təhsil alan magistrantların imtahanları “Microsoft Teams” platforması üzərindən online şəkildə şifahi formada verəcəkləri, magistrlik dissertasiyalarının müdafiəsinin də eyni qaydada təşkil olunacağı barədə məlumat verib. Rektor imtahan sessiyası çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı güzəştlərdən ətraflı bəhs edib və bu barədə professor-müəllim heyətinin müvafiq qaydada təlimatlandırıldığını diqqətə çatdırıb.
Sonra Ş.Bayramov görüş iştirakçılarının sərbəst işlər, davamiyyət, akademik borcların ləğvi, təhsil haqqı, imtahanlarda iştirakın texniki təminatı, MDU-da işlə təmin olunma, könüllülük və startap fəaliyyəti, təqaüd alan tələbələrin siyahısının müəyyən edilməsi, yay məktəbi və digər məsələlərə dair çoxsaylı sualları cavablandırıb.
Görüşdə çıxış edən tələbələr və onların valideynləri pandemiya dövründə MDU-da məsafədən tədrisin təşkilindən və 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili qaydaları çərçivəsində tətbiq olunacaq əhəmiyyətli güzəştlərdən razılıqlarını ifadə ediblər. Müasirləşmə yolunda olan MDU-da təhsil almaqdan məmnunluqlarını vurğulayan tələbələr daha yaxşı oxumaqla universitetin nüfuzunun artmasına töhfə verməyə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin 2020-ci ilin 16 iyul tarixinədək hər həftənin çərşənbə axşamı davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.
|
|
04.06.2020 | 22:39 | |
|
|
|