Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

 

Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün liseylər zəruri maddi-texniki baza ilə təchiz olunacaq, xüsusi tədris planları tərtib ediləcək. Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

 

Qeyd edək ki, liseylərə qəbul imtahanlarının 2020-ci il avqustun ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanında suallara Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlarla yanaşı, eyni zamanda şagirdlərin qeyri-standart düşünmə bacarıqlarının yoxlanılması məqsədilə məntiqi tapşırıqlar daxil ediləcək. IX siniflərə qəbul üçün əlavə olaraq şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri yoxlanılacaq.

 

2020-2021-ci tədris ilindən etibarən hər tədris ili üçün liseylərə şagird qəbulu müsabiqə əsasında həmin rayon (şəhər) və ətraf rayonların (şəhərlərin) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər sırasından VI, VII, VIII və IX siniflərə aparılacaq. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqədənkənar qəbul ediləcəklər. 

 

Xatırladaq ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki şəhərləri və Quba rayonunda nazirliyin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil olunmuşdu. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.

 

 



04.06.2020 | 12:00