“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabının müzakirəsi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.

 

İnstitutun direktoru Əbülfəz Quliyev əvvəlcə Hüseyn Cavid ailəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, müstəqillik illərində muxtar respublikada Hüseyn Cavidin məqbərəsi ucaldılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.

 

Ə.Quliyev daha sonra H.Cavidin layiqli davamçısı Ərtoğrol Cavidin 24 illik qısa ömür yoluna, ədəbi-bədii yaradıcılığına, rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə nəzər salıb. Onun adının əbədiləşdirilməsinə toxunan direktor bildirib ki, Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, məktəbin maddi-texniki bazası yeni musiqi alətləri və digər tədris vasitələri ilə təchiz edilib.

 

O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamı xatırladıb, bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

 

Alim sözügedən sərəncama əsasən, Ə.Cavid irsinin öyrənilməsi ilə əlaqədar mədəni- kütləvi tədbirlər, konfranslar keçirildiyini qeyd edib. Bildirib ki,  institutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində işıq üzü görən məqalələr toplusunun ötən ilki sayı Ə. Cavidin 100 illiyinə həsr edilib. 14 fundamental araşdırmanın yer aldığı kitabda Ə.Cavidin çoxcəhətli parlaq yaradıcılığı əhatəli şəkildə işıqlandırılıb. Vəsaitdə Ə.Cavidlə bağlı fotoşəkillər, onun ailəsinə cəbhədən yazdığı məktublardan nümunələr də verilib.

 

Sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı”, Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev “Müsiqişünas, folklorşünas Ərtoğrol Cavid”, institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi Nərgiz İsmayılova “Qərb və Şərqin qovşağında Ərtoğrol Cavid”, Təsviri dekorativ və tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva “Ərtoğrol Cavidin təsviri sənət fəaliyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.



04.06.2020 | 11:28