“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” | |
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Milli Aviasiya Akademiyasının hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.
BDU-nun rektoru Elçin Babayev Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edib. O əlavə edib ki, universitetin hüquq fakültəsi indiyə qədər minlərlə yüksək ixtisaslı kadr yetişdirərək respublikanın hüquq- mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib. Rektorun sözlərinə görə, adıçəkilən fakültə respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.
Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov “Heydər Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin müəllifidir”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov “Məhkəmə-hüquq islahatları dövründə ədliyyə sahəsində elektron texnologiyaların tətbiqinin bəzi məsələləri”, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov “Hüquqi dövlət prinsiplərinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Yerli özünidarəetmə sistemində bilavasitə xalq demokratiyası” və digər məruzəçilərin konfransın mövzusu ətrafında çıxışları dinlənilib.
Məruzələrdə ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri, “Şərq-Qərb”, "Şimal-Cənub", Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması, məhkəmə işlərinin elektron idarəedilməsi, dövlətin əsas qanunu kimi konstitusiya anlayışı, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın əsas hüquq və azadlıqları, sosial-iqtisadi hüquqlar, yerli özünüidarəetmənin təminatlarının hüquqi əsasları, beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi, məhkəmə sistemlərində süni intellektdən istifadə, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, elektron hökümətin hüquqi əsasları kimi mövzularda müzakirələr aparılıb.
Microsoft Teams platforması üzərindən təşkil olunan elmi konfrans iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
|
|
03.06.2020 | 11:23 | |
|
|
|