BSU-da beynəlxalq münasibətlər tarixinə dair dərsliyin təqdimatı olub | |
Mayın 22-də Bakı Slavyan Universitetində (BSU) “Beynəlxalq münasibətlər” kafedrasının hazırladığı “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” adlı dərsliyin təqdimatı olub.
Universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr, o cümlədən professor-müəllim heyəti üçün əhəmiyyətini qeyd edib. Bildirib ki, “Beynəlxalq münasibətlər” kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında və Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq şəkildə tərtib olunub. O, deyib ki, müəlliflər dərslikdə qədim dövrdə və orta əsrlərdə dövlətlər arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri ilə sıx əlaqəli olan, eyni zamanda öz qanunlarına əsasən inkişaf edən xüsusi reallıq kimi təqdim etməyə çalışıblar. “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərsliyinin bütün universitetlərin istifadə edə bilməsi üçün nəzərdə tutulduğunu deyən R. Novruzov müəllifləri yüksək səviyyəli əsər ərsəyə gətirdiklərinə görə təbrik edib.
Kitabın müəlliflərindən dosent Zümrüd Məlikova qeyd edib ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dörd cildlik kitabın birinci hissəsidir. O. gələcəkdə dərsliyin qalan cildlərinin də çap olunmasının nəzərdə tutulduğunu deyib. Zümrüd Məlikova qeyd edib ki, iyirmi üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu öz əksini tapıb. Sonra Z.Məlikovanın dərslikdə müəllifi olduğu mövzular barədə məruzəsi dinlənilib.
Həmmüəlliflərdən biri olan dosent Ləman Qarayevanın dediyinə görə, dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm tarixi faktlardan ibarət şərhlər öz əksini tapıb. L. Qarayeva diqqətə çatdırıb ki, dərslikdə beynəlxalq münasibətlərin formalaşmasını və təkamülünü şərh edərkən tarixi yanaşma ilə yanaşı, siyasi və müqayisəli təhlildən də istifadə edilib. Həmmüəllif qeyd edib ki, dərslik həm bakalavrlar, həm də magistralr üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Ramiz Sevdimalıyev yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn yeni dərsliyin siyasi elmlərin inkişafına mühüm töhfə ölduğunu qeyd edib.
Tədbirin davamında BSU-nun “Diplomatiya və xarici siyasə” kafedrasının müdiri, dosent Əsgər Əhməd, “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri, dosent Hacı Rauf, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Alpay Əhmədov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, “Beynəlxalq münasibətlər” kafedrasının müdiri professoru Habil Məmmədov dərslik barədə təssüratlarını bölüşüblər.
|
|
23.05.2018 | 18:29 | |
|
|
|