LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

Lənkəran Dövlət Universitetində ( LDU)  Elmi Şuranın onlayn formatda növbəti iclası keçirilib.

 

Universitetdən bildirilib ki,  LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov  koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə və təhsil ocağında görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması istiqamətində aparılan işlərdən danışıb. Pandemiya dövründə  dərslərin məsafədən tədrisi istiqamətində mümkün olan bütün  tədbirlərin görüldüyünü deyən  N.İbrahimov  tələbələrin böyük əksəriyyətinin  onlayn dərslərdə fəal iştirakını müsbət hal kimi dəyərləndirib.

 

Elmi Şura üzvlərinin yekdil rəyi ilə “2019/2020-ci  tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi qaydaları” ilkin müzakirə edilib. Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Diqqət çəkən əsas məqamsa  LDU-da tələbələrin yaz semestrinin imtahan sessiyasında nəzərdə tutulan imtahanların 35%-dən azad edilməsi olub. Mövcud vəziyyətlə bağlı tələbələrə digər güzəştlər də edilib. Hər bir fənn üzrə  tərtib olunmuş imtahan suallarının sayı  fənnin məzmunu və əhatəliyi gözlənilməklə azaldılıb, həmçinin sadələşdirilib.

 

Bildirilib ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə) müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində  əldə etdikləri  nəticələrə (ÜOMG-nə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.  Bu qiymətləndirmə ilə razı olmayan tələbələr üçün isə  ixtisas üzrə dövlət imtahanının iyun ayının 30-dan iyul ayının 5-dək onlayn qaydada təşkili nəzərdə tutulub.

 

Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev bildirib ki, magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa və yazılmasına qoyulan ümumi tələblər yerinə yetirilməklə magistrlik dissertasiyası  magistrant  tərəfindən poçt vasitəsilə müvafiq fakultə dekanlığına təqdim edilməlidir . Məlumat verilib ki, ixtisaslaşdırılmış şuraların iclasları  onlayn qaydada təşkil olunmaqla magistrlik dissertasiyasının müdafiəsi  16-25 iyun 2020-ci il tarixləri arasında (cədvəl üzrə) keçiriləcək.

 

Elmi Şurada universitetdə fəaliyyət göstərən fakültələrin strukturunda dəyişiklik edilməsi ilə bağlı məsələ  də müzakirə edilib. Müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul olunub.



01.06.2020 | 17:40