Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər | |
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən yaradıcılıq yönümlü məktəbdənkənar təhsil müəssisələrində bir sıra onlayn tədbirlərin təşkili nəzərdə tutulub.
Belə ki, iyunun 1-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masa, “Hər birimiz bir çiçək” rəsm müsabiqəsi, “Mənim uşaq dünyam” gənc rəssamların rəsm vernisajı, Mərkəzin dərnək üzvlərinin dünya uşaqlarına təbrik müraciətlərini əks etdirən “Dünya uşaqları dostluq edir” adlı videoçarxın hazırlanması və digər onlayn tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Həmçinin pandemiya dövründə uşaq və gənclərdə ruh yüksəkliyi yaratmaq, onları sözügedən əlamətdar gün münasibətilə təbrik etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən "Dünya sənindir" adlı fləşmob təşkil olunub.
Eyni zamanda həmin günlə əlaqədar Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən onlayn fotomüsabiqə, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə incəsənət nümayəndələrinin iştirakı ilə uşaqlar üçün dəyirmi masalar təşkil ediləcək.
Sadalanan tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlar arasında dostluq münasibətlərinin qurulması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik etməkdən ibarətdir.
Qeyd edək ki, istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi hər il ənənəvi olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra yerli və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlər həyata keçirir.
|
|
31.05.2020 | 12:56 | |
|
|
|