DİM tərəfindən imtahanların keçirilməsinə başlanılır | |
Dövlət İmtahan Mərkəzi (DİM ) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
DİM-dən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanlar xüsusi sosial izolyasiya qaydaları gözlənilməklə təşkil ediləcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçılarının tibbi maskadan istifadəsi məcburidir.
DİM-dən verilən məlumata görə, imtahanların müxtəlif rayon və şəhərlər üzrə həftəsonu günlərində keçirilməsi nəzərdə tutulur. Hər imtahan günü, ona uyğun rayon və şəhərlərin adları yaxın 2, 3 gün ərzində elan olunacaq.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
|
|
28.05.2020 | 10:17 | |
|
|
|