Ali təhsildə hibrid yanaşma | |
Böyük Britaniyada aparılan son rəy sorğusunun nəticələrinə görə, əksər ali təhsil müəssisələri yeni tədris ilinin erkən planlaşdırma mərhələlərində sosial məsafə tədbirlərinə əməl olunmaqla, əyani və onlayn kursların birləşməsini təmin edəcəklər.
Belə ki, Britaniya universitetləri tələbələrin mümkün qədər təhsildən kənarda qalmaması və onların bir il üçün möhlət almasının qarşısını almaq cəhdi ilə payızda qarışıq təlim modellərini tətbiq etməyi planlaşdırır.
"Times Higher Education" jurnalının araşdırması göstərib ki, sorğuda iştirak etmış ali məktəblərin əksəriyyəti əyani və onlayn öyrənmənin sintezinin təklif olunmasına ümid edir. Həmçinin ali məktəblər tərəfindən kampuslarda və tələbələrin yaşadıqları binalarda sosial məsafə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Mançester, Bolton, Edinburq, Nottingem, Trent universitetləri artıq sentyabr ayından etibarən tədrisdə hibrid yanaşmanın təmini niyyətində olduqlarını elan ediblər. Kembric Universiteti isə növbəti tədris ili ərzində bütün mühazirələrin onlayn olacağını , lakin dərs məşğələlərinin sosial təcrid tədbirləri gözlənilməklə kiçik tədris qruplarının iştirakı ilə keçirilməsinin istisna olunmadığını bildirib.
Varvik, Oksford, Anglia Ruskin universitetləri , eləcə də Belfast Kral Universiteti də yeni tədris ilindən həm əyani, həm də onlayn təhsil verməyi planlaşdırdıqlarını təsdiq ediblər. Cardiff , Ekster, Napira Edinburq universitetləri isə tədris planlarını başa vurduqlarını bildirməklə yanaşı, kampus ərazisində əyani və virtual təlimin qarışıq modelindən istifadəni mümküm hesab ediblər.
Bununla belə, Vuster Universiteti COVİD-19 bağlı təhlükəsizliyin imkan verdiyi vaxta qədər öz təlimlərini kampus ərazisində təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Sorğuya cəlb olunan ali təhsil müəssisələrinin əksəriyyəti tələbələrin kampusa qayıtmasına imkan vermək üçün hansı sosial təcrid tədbirlərinin tətbiq oluna biləcəyi məsələsinə baxılmasının erkən mərhələsindədir. Bu həftə Bolton Universiteti ali məktəbin bütün giriş qapılarında hava limanında olduğu kimi, keçid temperatur skanerlər quraşdırılacağını və yaxın gələcəkdə üz maskalarından istifadənin məcburi tədbir kimi tətbiq olunacağını bildirib.
Britaniya Universitet və Kolleclər Birliyi ali məktəblər tərəfindən verilən elanlar arasında ardıcıllığın olmamasından dolayı narahatlığını bildirir. Qurum universitetlər tərəfindən qəbul edilmiş qərarların maliyyə cəhətdən əsaslandırılmasının vacibliyini önə çəkir. Ekster Universitetinin vitse-kansleri Stiv Smit ali məktəbdə tədris ilinin başlanması ilə bağlı "bir sıra potensial başlanğıc tarixləri"ni mümkün hesab edir. Britaniyadan olan yuxarı kurs tələbələri sentyabrda kampusa dönəcəklər; beynəlxalq tələbələr və aspirantlar isə tədrisə daha sonra, mümkündür ki, yanvarda başlayacaqlar. Universitet, həmçinin müxtəlif qruplar və ya müxtəlif təlim proqramları üçün mərhələli başlanğıcları nəzərdən keçirir.
Stiv Smit əlavə edib ki, Ekster Universitetinin müəllimləri, ehtimal ki, internetdə mühazirələr oxuyacaq, lakin laboratoriya dərslərini, seminarlarını və dərs məşğələlərini üz-üzə keçəcəklər. Nəzərdə tutulan sosial təcrid tədbirlərinə universitetin kampus və yaşayış, eyni zamanda tədris binalarına və kitabxanalara girişi icazə verilən insanların sayının məhdudlaşdırılması və yaşayış məkanlarında kommunal obyektlərin bağlanması daxildir.
"Tələbələr qarşısında praktik kurslarda laboratoriya işlərini həftənin müxtəlif günlərində və ya ilin müxtəlif həftələrində sosial distansiyanın tələblərinə riayət edilməklə yerinə yetirmək öhdəliyi qoyula bilər. Bundan əlavə, bəzi tələbələr axşamlar laboratoriyalarda da işləməlidirlər",- deyə Stiv Smit əlavə edib.
Mançester Universitetinin tədris, təlim və tələbələr üzrə vitse-prezident Eypril Makmahon bildirib ki, təmsil etdiyi ali məktəb payızdan bütün mühazirələrin onlayn olacağına dair erkən qərarı elan edib. Söhbət mühazirələrin onlayn təşkili ilə yanaşı, bir sıra kurs məşğələlərinin kiçik qrup halında keçirilməsindən gedir. Mançester Universitetinin laboratoriya kursları üçün nəzərdə tutduğu ideyalardan biri ondan ibarətdir ki, tələbələr fərdi və məsafədən praktiki məşğələləri uzlaşdıra bilərlərmi? Çünki müəyyən müddətə sosial təcrid rejiminə əməl etmək üçün tələbələr bir müddət eyni kursda təhsil alan digər insanlarla bir mənzildə yerləşdirilə və onlarla kiçik qruplar təşkli etməklə məşğələlər də təşkil oluna bilər.
www.timeshighereducation.com/news/uk-universities-favour-blended-learning-approach-2020-21
Oruc MUSTAFAYEV
|
|
27.05.2020 | 14:24 | |
|
|
|