Dərnək üzvlərinin beynəlxalq uğurları

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri mövcud pandemiya dövründə müxtəlif ölkələrin müsabiqə təşkilatçıları tərəfindən göndərilən dəvətlərə əsasən onlayn müsabiqə və festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.

 

Belə ki, cari ilin 20-22 may tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Новая школа” tədris müəssisəsi tərəfindən elan olunmuş “İT Stars – 2020” Beynəlxalq onlayn texnologiyaları müsabiqəsində “Proqramlaşdırma” sahəsi üzrə Mərkəzin 9, “Layihə” və “Təqdimat” sahələri üzrə 2 dərnək üzvü ölkəmizi layiqincə təmsil edib. Müsabiqənin nəticələrinə əsasən, Mərkəzin “Gənc proqramçılar” dərnəyinin üzvləri Məmməd Abbaslı, Hüseynağa Quliyev, Əli Eyvazov və Fərhad Qayıbov müsabiqənin qalibləri elan ediliblər.

 

Hazırda İtaliyanın “MİF Assosiation” Festival Təşkilatı birliyinin elan etdiyi “Sing at home” (“Evdə oxu”) Beynəlxalq onlayn müsabiqəsində mərkəzin 13, Rusiya Federasiyasının Moskva şəhərində 6-16 yaşlı uşaqlar arasında keçirilən “Истоки” beynəlxalq vokal onlayn müsabiqəsində isə 3 gənc vokalçısı uğurla iştirak edir.

 

Qeyd edək ki, Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi beynəlxalq müsabiqə və festivallarda iştirakla yanaşı cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsi elan edib. Müsabiqədə paytaxt  məktəbliləri ilə yanaşı xarici ölkələrin 7-17 yaşlı uşaq və yeniyetmələri  iştirak edir.

 

 



25.05.2020 | 14:05