Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsi çərçivəsində dəstək çağırışlarına ölkənin ən böyük təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti də qoşulub.

 

Belə ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar "AzEduNet" şirkətinin təşəbbüsü ilə “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 5GB mobil internet paketi yüklənib.

 

Xatırladaq ki, tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsi hazırda 4 minə yaxın təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

 

 



22.05.2020 | 16:20