Daha həyəcanlı və məsuliyyətli günlər qarşıdadır | |
Bu gün qloballaşan dünyanın yeni çağırışları yüksək biliyə malik gənclərin daha çox olmasını tələb edir. Ölkəmizin ümumi təhsil müəssisələrində gedən proseslər, həyata keçirilən bir sıra tədbirlər də məhz böyüməkdə olan gənc nəsildə müasir düçüncə tərzinin formalaşdırılmasına, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə hədəflənib. Təhsil Nazirliyinin reallaşdırdığı “Sabahın alimləri” müsabiqəsi də şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və təqdim etmək bacarıqları, həmçinin onlarda elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişləri aşılamaq baxımından son illərin ən uğurlu layihələrindən biri hesab edilə bilər. 2012-ci ildən təşkil olunan müsabiqənin digər bir özəlliyi isə yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, müsabiqənin qalibləri sırasından ən yaxşı layihələrin müəlliflərinin hər il ABŞ-da təşkil olunan İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün seçilməsidir. Onu da qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son 6 il ərzində müsabiqədə 928 şagird iştirak edib, onlardan 450 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Elə ötən həftənin təhsillə bağlı növbəti uğurlu hadisələrindən biri də “Sabahın alimləri” VII Respublika müsabiqəsinin keçirilməsi idi. Fevralın 14-də açılışı olan və 16-da qaliblərin mükafatlandırılması ilə yekunlaşan müsabiqə növbəti dəfə şagirdlərə qalibiyyət sevinci yaşatması ilə yaddaqalan olub. Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub. Mərasimdə 8 nominasiya üzrə seçilən qaliblər təltif olunduqdan sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin adları da məlum olub. ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəllifləri ömür səhifələrinə sevincli və qürurverici anlar kimi daxil olan müsabiqə ilə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.
Bu, son deyil, ABŞ-da ölkəmizi layiqincə təmsil etməyə hazırlaşıram
Fidan İbrahimova (Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi): - Liseyin təbiət təmayüllü sinfində oxuyuram. “Sabahın alimləri” VII Respublika müsabiqəsinə qatılanda heç birinci yerə layiq görüləcəyim ağlımdan keçməmişdi, bu, mənim üçün bir əlçatmaz möcüzə idi. Lakin özümə söz vermişdim ki, çox çalışacağam, əlimdən gəldiyi qədər daha çox məlumat toplayacağam və münsiflərə, müəllimlərə layihəmin mahiyyətini çatdıracağam. Sonda aylardır çəkdiyim əziyyətim hədər getmədi. Biologiya üzrə I yerə layiq görüldüm və ən yaxşı layihə müəllifi kimi ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüququ qazandım. Təqdim etdiyim layihə “Xlorella mikroyosununun metabolizminin məhsuldar istiqamətdə dəyişdirilməsi” adlanır. Bu mövzu məni çox maraqlandırırdı. Biz tədqiqatlarımız zamanı müşahidə etdik ki, müxtəlif stress şəraitləri yaratdıqda, metabolizmi istənilən istiqamətə yönəltmək olar və beləliklə, bir çox bioakiv maddəni, məsələn nişasta, zülal, lipidləri əldə edə bilərik. Bu layihə üzərində işləməkdə, müxtəlif tədqiqatların aparılmasında mənə bir çox insanın köməyi olub. İlk olaraq aylarca mənə dəstək olan elmi rəhbərim Şaiq Mehdiyevə minnətdarlığımı bildirirəm. Mənə düzgün istiqamət verdiyinə görə tanınmış mütəxəssis, professor Ralfrid Həsənova xüsusi təşəkkür etmək istəyirəm. Tədqiqatları aparmağımız üçün Bakı Dövlət Universiteti tərəfindən hər cür şərait yaradılmışdı. Tədqiqatlar apararkən özümü sanki bir alim kimi hiss edirdim. Aylardır məni əhatə edən bu elmi mühitdən razı qalmaqla bərabər, özüm üçün praktik biliklər də əldə etdim. Mənə hər zaman dəstək olan direktorumuz Mehriban Vəliyevaya, sinif rəhbərim Nigar Axundovaya, biologiya və informatika üzrə fənn müəllimlərim- Natalya Qurbanovaya və Kərim Tahiroğluna təşəkkür edirəm. Müsabiqədə iştirak etməyimdə onların zəhməti əvəzolunmazdır. Düşünürəm ki, bu müsabiqə bizlərə özünü elmi mühitdə göstərə bilmək üçün möhtəşəm bir şansdır. Müxtəlif ideyalara və abstrakt düşüncəyə malik olan şagirdlərin tanınmasında əla fürsətdir. Dövlətimiz tərəfindən yüksək təhsil almağımız üçün hər cür şərait yaradılıb. Təhsil Nazirliyinin biz şagirdlərin düşüncə tərzlərinin inkişafı, innovativ layihələrlə çıxış etməsi üçün reallaşdırdığı belə müsabiqələr çox önəmlidir. Müsabiqə keçirilən 3 gün ərzində maraqlı məlumatlar əldə etməklə yanaşı, digər məktəblərin şagirdləri ilə ünsiyyətimiz də maraqlı oldu. Bir sözlə, müsabiqə bizlərə unudulmaz təcrübə qazandırdı. Lakin bu, son deyil... ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi layiqincə təmsil etməyə hazırlaşıram. İnanıram ki, oradan da qələbə ilə geri dönəcəyəm. Bunun üçün isə daha çox çalışmaq, oxumaq gərəkdir.
Layihəm kütləvi quş ölümlərinin qarşısını alacaq
Məhəmməd Hacıyev (Bakıdakı 238 nömrəli tam orta məktəbin XI sinif şagirdi): - Artıq ikinci dəfədir “Sabahın alimləri” müsabiqəsində iştirak edirəm. Keçən il o qədər də hazırlıqlı olmadığımdan yer tuta bilməmişdim. Öz səhvlərimdən nəticə çıxararaq, bu il daha ciddi və məsuliyyətlə hazırlaşdım və müsabiqəyə layihəmi təqdim etdim. Ekologiya və ətraf mühitin idarəolunması üzrə I yerə layiq görüldüm. Hazırladığım layihəm “İnnovativ külək turbinləri” adlanır. İşimin əsas məqsədi küləyin sürəti az olan müddətdə külək turbinlərindən səmərəli istifadə və istehsal olunan enerjini təxminən 2.5-2.8 dəfəyə qədər artırmaqdır. Bununla yanaşı, qurğunun bir çox avantajları misal göstərilə bilər. İlk olaraq “İnnovativ külək turbinləri” kütləvi quş ölümlərinin qarşısını alacaq. İkincisi, radiosiqnallara maneə törətməyəcək, vibrasiyanın ciddi şəkildə qarşısı alınacaq və s. Mən inanıram ki, bu qurğu nəinki ekoloji, həm də iqtisadi baxımdan məhsuldar olacaq. Layihəm üzərində xeyli işləmişdim. Hər gün qurğu ilə bağlı ağlıma daha maraqlı və kreativ fikirlər gəlirdi. İnanırdım ki, yer tuta bilərəm, ancaq birinci yerə çıxıb ölkəmi ABŞ-da təmsil etmək ağlıma gəlməzdi. Qeyd etməliyəm ki, “Sabahın alimləri” həyatımda iştirak etdiyim ən həyəcanlı, rəqabətli və eyni zamanda qayğılı müsabiqələrdən biridir. Müsabiqə özümü inkişaf etdirmək üçün yaxşı şərait yaradıb. İstər elmi və fəlsəfi, istərsə də psixoloji və mənəvi cəhətdən bu müsabiqə şəxsi inkişaf üçün əvəzolunmazdır. Xüsusilə, yeni tanışlıqlar, hətta deyərdim ki, dostluqlar müsabiqəyə əsrarəngiz çalar qatır. Sözsüz ki, bu uğurumda mənim məktəbimin, başda direktorumuz İlqar Talıbov olmaqla, digər müəllimlərimin də zəhməti çoxdur. Bu işdə müəllimim Tamella Kərimova nəzəri baxımdan mənə yardımçı olub. Sinif rəhbərim Sürəyya Məmmədova, direktor müavinləri Səadət Rzayeva, Zemfira İsayeva, Ruhəngiz Heydərovanın üzərimdə əməyi vardır. Xüsusilə, elmi rəhbərim Səyalı Əliyeva belə bir nəticə əldə etməyimdə müstəsna rol oynayıb. O, mənimlə birgə bir çox ərazidə, stansiyalarda və alternativ enerji üzrə ixtisaslaşmış şirkətlərlə görüşdə oldu. Və bu nailiyyətimə görə ona öz dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, atam Tofiq Hacıyevə də öz minnətdarlığımı bildirirəm ki, hər bir işdə mənə dayaq olaraq dəstəkləyib. Qarşıda məni daha həyəcanlı və məsuliyyətli günlər gözləyir. ABŞ-da ölkəmizi təmsil etmək daha məsuliyyətli və eyni zamanda qürurvericidir. Bildiyiniz kimi, İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə dünyanın bir çox guşələrindən şagirdlər müxtəlif layihələrlə qatılacaq. Biz azərbaycanlı şagirdlər də uğur qazanmağa iddialıyıq. Niyə də yer tutmayaq? Təhsilimizin uğurları getdikcə artmaqdadır. Mən inanıram ki, biz bunu ABŞ-da da sübut etməyi bacaracağıq.
Layihə qənaətlilik baxımından faydalıdır
Adnan Bunyatov (Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi): - Mən bu müsabiqədə artıq ikinci dəfədir ki, iştirak edirəm. Keçən il II yerə layiq görülmüşdüm. Builki müsabiqədə sinif yoldaşım Əliağa Abdullayevlə birlikdə “Neftin fiziki-kimyəvi xassələrinin dəyişilməsində elektromaqnit sahəsinin rolu” adlı layihə ilə iştirak etdik və fizika, astronomiya bölməsi üzrə I yerə layiq görüldük. Bizim təqdim etdiyimiz layihənin məqsədi neftin qatılığını azaltmaq və neftin çıxarılmasını asanlaşdırmaqla yanaşı, miqdarını çoxaltmaqdır. 10 ay bu layihənin üzərində işləmişik. Layihə qənaətlilik baxımından faydalıdır və ekoloji cəhətdən zərərsizdir. Buna görə də inanırdıq ki, təqdim etdyimiz işlə yer tuta biləcəyik. Mən bizimlə ciddi məğul olan elmi rəhbərimiz Aygün Nəsibovaya, bizi dəstəkləyən və uğur qazanacağımıza inanan bütün şəxslərə təşəkkür edirəm.
Nə yaxşı ki, Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqə keçirilir
Əliağa Abdullayev (Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi): - Birinci dəfə idi ki, belə bir nüfuzlu müsabiqədə iştirak edirəm. Və ilk iştirakım mənə uğur gətirdi. Fizika, astronomiya bölməsi üzrə I yeri qazanaraq ən yaxşı layihə müəllifi olduq. Dostum, eyni zamanda, sinif yoldaşım Adnanın dedikləri ilə mən də şərikəm. Müsabiqə yeni dostlar qazanmağıma, ən əsası, respublikanın tanınmış alim və mütəxəssisləri ilə işgüzar əməkdaşlıq etməyimə imkan yaratdı. Özünəgüvən hissi formalaşdırdı. Şəxsən mən neft haqqında biliklərimi daha da artırdım. Düşünürəm ki, gələcəkdə neft ilə bağlı başqa işlər də görə bilərəm. Bu müsabiqə biz gənclərə kreativ fikirlərimizi öz tədqiqatlarımızda tətbiq etməyimizə yardımçı oldu. Nə yaxşı ki, Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqə keçirilir və bizim kimi gənclərə bu innovativ yarışmalarda öz elmi potensialımızı üzə çıxarmağımıza imkan və şərait yaradılır.
Amma birinciliyi qazanmaq lap əla oldu...
Cavid Hüseynzadə (Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi): - Mən bacım Ceyla ilə birlikdə müsabiqədə iştirak etdim. Hər ikimiz birinci dəfə idi ki, bura qatılırdıq. Təbii ki, işləməyə başlayanda yer tutmaq arzusunda idik. Amma birinciliyi qazanmaq lap əla oldu. Kompüter elmləri üzrə ən yaxşı layihə müəllifi seçildik. Çalışdıq ki, müsabiqədə maraqlı bir iş ortaya qoyaq. Layihəmizin adı “TreLop” (“Track and record location of people” TreLop) adlanır. Bu, bir proqramdır. Biz ilk vaxtlar bunu yaddaşı zəif olan, yaşlı nəsil üçün nəzərdə tutsaq da, sonradan onun daha geniş istifadəsi üzərində işləməyə başladıq. Məsələn, bu proqram telefona yüklənir və onunla internetdən istifadə etmədən telefon sahibinin harada, nə zaman olmasını rahatlıqla müşahidə edə bilərik. Eyni zamanda, bu proqramın ən vacib üstünlüklərindən biri də yaddaşı zəif olan insanların nəyi itirməsini, ya da harada olmasını rahatlıqla təyin etməsidir. Bu layihə üzərində 5 ay işləmişik. Müsabiqə zamanı Azərbaycanın müxtəlif bölgələrindən gələn şagirdlərlə, onların kreativ layihələri ilə tanış olduq. Özümüzə yeni dostlar qazandıq. Və ən əsası, bu müsabiqə özümüzə inamımızı artırdı, işimizə daha həvəslə yanaşmağa sövq etdi. Nəticədə Amerikada Azərbaycanı təmsil etmək şansı qazandıq.
Müsabiqə vasitəsilə biz tanındıq...
Ceyla Hüseynzadə (Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi): - Əslində, qardaşım layihəmiz haqqında məlumat verdiyi üçün mən müsabiqə barədə danışmaq istərdim. Mən də birinci dəfə idi ki, belə bir nüfuzlu yarışmada iştirak edirdim. İlk olaraq onu deyim ki, qatıldığım “Sabahın alimləri” özünün obyektivliyi və şəffaflığı ilə seçilən, biz şagirdlərə elmi layihələrini beynəlxalq səviyyədə nümayiş etdirməyə şərait yaradan ən nüfuzlu müsabiqədir. Bunun üçün yarışmanın əsas təşkilatçısı olan Təhsil Nazirliyinə şagirdlər adından təşəkkür etmək istəyirəm. Üç gün ərzində respublikanın tanınmış elm adamları, mütəxəssisləri ilə yaxından ünsiyyətdə olduq, layihələrimizlə bağlı təqdimatlar etdik. Əldə etdiyimiz uğura görə elmi rəhbərimiz Vüqar Hüseynliyə, üzərimizdə əməyi olanların hər birinə dərin təşəkkürümüzü bildiririk. Müsabiqə vasitəsilə biz tanındıq, ən yüksək yerə layiq görüldük. Eyni zamanda, ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək şagirdlər arasında biz də varıq. Bundan gözəl nə ola bilər ki? Ümid edirəm ki, ölkəmizi layiqincə təmsil edəcəyik.
Samirə KƏRİMOVA |
|
23.02.2018 | 12:45 | |
|
|
|