Kembric Universiteti bütün əyani mühazirələri ləğv etdi | |
Kembric Universiteti koronavirusun yayıldığı şəraitdə sosial məsafənin davam etdirilməsinin zəruriliyi nəzərə alınmaqla, gələn tədris ili üçün məhdudlaşdırıcı tədbirlər elan edən ən böyük universitetlərdən birincisi oldu.
Təhsil müəssisəsinin nümayəndəsi "The Guardian" qəzetinə bildirib ki, universitet pandemiya şəraitində müvafiq təşkilatların dəyişən tövsiyələrinə operativ reaksiya verir.
"Sosial məsafəyə ehtiyacın qorunub saxlandığını nəzərə alaraq, universitet növbəti akademik ildə əyani mühazirələrin olmayacağını qərara alıb", - deyə universitetdən bildirilib.
Gələn ilin yayına qədər il ərzində bütün mühazirələr onlayn keçiriləcək. Bundan başqa, universitet öz tələbələrinin kiçik qrupları üçün sosial distansiya qaydalarına riayət edilməklə, əyani dərslərin keçirilməsi imkanını da nəzərdə tutur. Bununla yanaşı, universitet vurğulayır ki, əgər təhlükəsizlik tədbirləri ilə bağlı rəsmi tövsiyələr dəyişərsə, Kembric Universiteti buna müvafiq olaraq təlim şərtlərini ya zəiflədəcək, ya da sərtləşdirəcək.
Universitetdəki bütün tədris mart ayından internetdə davam edir. İmtahanlar virtual olaraq keçirilir.
Qeyd edək ki, bu həftənin əvvəlində Manşester Universiteti də tələbələr üçün mühazirələrin hələlik bir semest onlayn rejimdə davam etdiriləcəyini açıqlayıb.
Oruc MUSTAFAYEV |
|
21.05.2020 | 16:40 | |
|
|
|