“İdeyanın məkanı yoxdur” | |
Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) innovasiya laboratoriyasının təşkilatçılığı ilə “İdeyanın məkanı yoxdur” mövzusunda tələbələrin ideya və layihələrinin onlayn müzakirəsi keçirilib.
Müzakirəyə institutun professor-müəllim heyəti və 90-dan artıq tələbəsi qoşulub. NMİ-nin ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev institutda startapla, yeni ideyaların, layihələrin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd edib. O, müzakirələrin keçirilməsində əsas məqsədin kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi olduğunu vurğulayıb.
İnnovasiya laboratoriyası üzrə mütəxəssis Səminə Rüstəmova institutda yaradılmış innovasiya laboratoriyasının fəaliyyət və perspektivlərindən danışıb. Bildirib ki, laboratoriya tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir. Onun sözlərinə görə, laboratoriya tələbə və müəllimlərin innovativ təkliflərinin dəyərləndirilməsinə, startapların həyata keçirilməsi üçün informasiya texnoloji təminatının yaradılmasına, bu layihələrin daha səmərəli müzakirə olunmasına da imkan verir.
Sonra pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Həsənova “Layihələrin davamlılığının təminatı üçün nəzərə alınması zəruri olan şərtlər” mövzusunda çıxış edib. O, dünyada mövcud olan uğurlu layihələr və onların davamlılığının səbəblərindən danışıb, startapın kiçik və orta biznesdən fərqini izahlayıb.
Konfrans tələbələrin irəli sürdüyü biznes-ideyalarının müzakirəsi ilə davam edib.
|
|
19.05.2020 | 14:37 | |
|
|
|