Məktəblərin yenidən açılması | |
YUNESKO-nun Beynəlxalq Təhsil Planlaşdırma İnstitutunun direktoru (təşkilatın bu yaxınlarda məktəblərin açılmasına hazırlıq və bu prosesin idarə edilməsinə həsr olunmuş veb-seminarında əsas məruzəçisi)
Suzanne Qrant Lyuis hesab edir ki, pandemiyanın kəskin mərhələsindən sonra şagirdlərin görünməmiş problemlərlə qarşılaşacaqlarını nəzərə alan təhsil müəssisələri bütün dünyada təcili olaraq tədrisin başlanmasına hazırlaşmalıdırlar. O, qarşıda duran həlli vacib vəzifələrdən danışıb.
Koronavirus pandemiyasının ortamüddətli və uzunmüddətli perspektivdə təhsilə ciddi təsir göstərəcəyini etiraf edən S. Lyuis israrla ölkələri əsasən qısamüddətli perspektivə diqqət yetirməyə çağırıb. O, öz çıxışında hökumətlərin və digər maraqlı tərəflərin diqqətinə üç kritik və təxirəsalınmaz məsələni çatdırıb.
1. Vaxt: məktəblər nə zaman yenidən açıla bilər?
"Əsas prioritet məsələ insanların həyatını və rifahını qorumaqdır",- deyən S. Lyuis əlavə edib: "Valideynlər, pedaqoqlar, məktəb icmaları məktəb sisteminin- şagirdlərin, müəllimlərin və digər təhsil işçilərinin fiziki, psixi sağlamlığını qoruya biləcəklərinə əmin olmalıdırlar". Onun sözlərinə görə, məktəblərin açılmasının virusun yayılmasına təsiri, məktəblərdə lazımi gigiyena vasitələrinə malik olub-olmamaq, siniflərdə şagird sayını necə azaltmaq və məktəb icmasına hansı psixoloji dəstəyin lazım olması kimi məsələlər suallar yaradır. Çünki hər bir ölkədə vəziyyət fərqlidir və məktəblərin işinin bərpası ilə bağlı tədbirlər konkret kontekstdə olmalıdır.
S. Lyuis, həmçinin təhsil nailiyyətlərinin qorunması və hər kəs üçün təhsilin davamlılığının vacibliyini vurğulayıb: "Məktəblərin bağlanmasının nəticələri yəqin ki, qeyri-bərabər olacaq. Tədris proqramının yenilənməsi və ya imtahanların yenidən təşkili ilə fərqləri aradan qaldırmaq lazımdır".
2. Şərtlər: məktəblər yenidən açılana qədər hansı ilkin şərtlər yerinə yetirilməlidir?
Məktəblərin işinin bərpası üçün əsas meyarlar koronavirusa qarşı fiziki müdafiə tədbirləri olacaq. Səlahiyyətli təşkilatlar xəstəliyin yayılmasından ən az təsirə məruz qalan və ya ən uyğun gigiyena vasitələri olan məktəblərin açılmasından başlaya bilərlər. S. Lyuis deyib: "İkinci praktiki müayinə məktəb heyətinə, xüsusilə də müəllimlərə aiddir. Siniflərdə müəllim və şagirdlərin sayı çox ehtimal ki, dəyişə və tədris gününü yenidən təşkil etmək lazım ola bilər". O, məktəbdə iki növbədə təhsil almaq imkanlarının öyrənilməsini tövsiyə edib. Üçüncü şərt yerli idarələrin və müəssisələrin lazımi dəyişikliklər etmək qabiliyyətidir. "Submilli təhsilin subyektləri, orta məktəb direktorları təhsili iki növbədə həyata keçirə bilərmi? Yoxsa, onlar bəzi şagirdlərin təhsilə geri qayıtmasını alqışlamaqla, digərləri ilə distant təhsil təcrübəsini davam etdirə bilərlər? Biz işə qayıtmaq istəyən müəllimlərin və təhsildən ayrılmaq riski olan şagirdlərin sayına diqqət yetirməliyik"-deyə S.Lyuis bildirib.
3. Dövlətlər məktəblərin praktiki səviyyədə yenidən işləməsini necə təşkil edə bilərlər?
Dövlətlərin vəzifəsi hansı strategiya və hərəkətlərin həyata keçirilməli olduğunu müəyyən etməkdir. Onun sözlərinə görə, bu məsələdə ortaya çıxan ilk sual budur: " Kimlər, ilk növbədə, məktəbə gedir?".
YUNESKO rəsmisi qeyd edir ki, bəzi ölkələr distant təhsilə çıxış imkanlarını əsas amil kimi nəzərdən keçirərək coğrafi yanaşma haqda qərar qəbul edə bilər:” Buna əsasən də, ilk olaraq yoxsulluq səviyyəsi yüksək rayonlarda məktəblər açılır". Digər strategiyalar da var. Çində, məktəblərin açılışı şagirdlərin daha az sıx məskunlaşdığı ərazilərdə başladı. Digər ölkələrdə, Danimarka və Norveçdə isə əvvəlcə azyaşlı şagirdlər məktəbə geri döndülər, çünki onlar yuxarı sinif şagirdlərindən fəqli olaraq məsafədən təhsil sahəsində elə də bacarıqlı deyillər.
S. Lyuis hesab edir ki, məktəblərin açılması məsələsində məsləhətləşmək, əlaqələndirmək və ünsiyyət problemin həllinə yanaşma açarıdır:”Bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirmək çox vacibdir. Bu, təhsildən ayrılma riskinə məruz qalan uşaqların məktəbə qaytarılması üzrə məktəb icması və təhsil qurumları ilə ünsiyyət vasitəsilə əldə edilə bilər".
Məruzəçi hesab edir ki, məktəblərin bağlanması, böyük ehtimalla təhsil sahəsindəki bərabərsizliyi daha da ağırlaşdıracaq. Bu, davamlı inkişaf məqsədləri sahəsində 4 hədəfə çatmaq üçün təhlükə yaradır və bütün ölkələr məktəb təhsilində fasilələrin həssas uşaqlar üçün daimi olmamasını təmin etməlidirlər. Təhsilin yaxın gələcəyini planlaşdırmaq və ona hazırlaşmaq vaxtıdır.
http://www.iiep.unesco.org/en/reopening-schools-how-get-education-back-track-after-covid-19-13424
Oruc MUSTAFAYEV |
|
18.05.2020 | 11:34 | |
|
|
|