NMİ-də tələbə qəbul planı yerləri artırılıb

Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) 2020/2021-ci tədris ili üçün tələbə qəbul  planı yerləri artırılıb. Nəticədə yerlər bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində isə 50-yə çatdırılıb.

 

İnstitutdan verilən məlumata görə, qəbul planına yeni ixtisaslar da daxil edilib. Bu ildən NMİ-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Fizika müəllimliyi, İnformatika müəllimliyi, Musiqi müəllimliyi və Texnologiya müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq. Abituriyentlər Kitabxanaçılıq və informasiya fəaliyyəti və Psixologiya ixtisaslarında  qiyabi şöbə üzrə də seçim edə biləcəklər.  

        

Magistratura səviyyəsində qəbul aparılan Təhsildə sosial psixoloji xidmət, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşmaları ilə yanaşı, bu ildən Riyaziyyatın tədrisi metodikası və metodologiyası, Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşmaları da qəbul planına əlavə edilib.

       

Qeyd olunub ki, yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün NMİ kifayət qədər  maddi-texniki bazaya və kadr potensialına malikdir.

 



16.05.2020 | 11:35