Gənc tədqiqatçı və doktorantların elmi konfransının yekunu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu təhsil ocağının 100 illik yubileyinə həsr edilən  Gənc tədqiqatçı və doktorantların onlayn elmi konfransının bağlanış iclası keçirilib.

 

Doktorantura şöbəsinin müdiri, professor L.Qardaşova konfransda ADNSU ilə yanaşı, BDU, ADİU, BMU, AzTU və Qida Təhlükəsizliyi İnstitutunun da gənc tədqiqatçıları, 7 fakültənin professor-müəllim heyəti, əməkdaşları, magistrant və doktorantlarının iştirak etdiyini bildirib.  

 

O, konfansın açılış iclasında kimya texnologiya fakültəsinin doktorantı Məhsəti Cəfərlinin təklif etdiyi kimyəvi proseslərin modelləşdirilməsinə yeni yanaşmadan, informasiya texnologiyaları və idarəetmə fakültəsinin magistrantı Şöləxanım Zeynallının  müasir hesablama sistemləri üzrə apardığı müqayisəli təhlildən,  energetika fakültəsinin magistrantı  Murad Cəbiyevin Günəş enerjisinin energetik xüsusiyyətləri mövzusunda çıxışından gənc tədqiqatçıların öz yaradıcılıq fəaliyyətində  yararlana biləcəklərini söyləyib.

 

Bildirilib ki, ikigünlük konfrans zamanı bölmələr üzrə 31 panel iclas keçirilib. 11 bölmə üzrə keçirilən iclaslarda seçilmiş 320 məruzədən 295-i dinlənilib.  Konfrasın birinci günü 193 tezisdən 163 (84.5%),  ikinci günü isə 127 tezisdən 95 (74.5%) tezis, ümumiyyətlə, qəbul edilən tezislərin 80%-i  dinlənilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın gedişini izlədiyini qeyd edərək, bölmələrdə müzakirə olunan mövzular haqqında irad və təkliflərini bildirib. Konfransda dinlənilən məruzələrin dərc olunmasının əhəmiyyətini qeyd edən rektor  belə müzakirələrin gənc tədqiqatçıların,  bütövlükdə elmin inkişafında mühüm rol oynadığını vurğulayıb.  

 

Sonda iştirakçılara elektron formada sertifikatlar və diplomlar təqdim edilməklə konfrans öz işini başa çatdırıb.



15.05.2020 | 18:15