Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib | |
Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Təlim proqramı karyera planlaşdırılması, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq kimi müxtəlif mövzuları əhatə edib.
Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin mütəxəssisi tərəfindən aparılan iki həftəlik təlim proqramı peşə təhsili tələbələrində gələcək işə dair daha aydın təsəvvür formalaşdırılmasına imkan yaradıb. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.
Qeyd edək ki, proqram Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb. Koronavirus pandemiyası zamanı adıçəkilən layihələr peşə təhsili tələbələrinin dərslərdən geri qalmaması və təhsildə fəal iştirakı məqsədilə teledərslər, onlayn kurslar və karyera təlim sessiyalarının hazırlanmasına yardım edib. |
|
15.05.2020 | 17:58 | |
|
|
|