Tələbələrin startap fəaliyyətinin təşviqinə dair müzakirə | |
Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin startap fəaliyyətinə daha fəal cəlb edilməsi məsələlərinə həsr olunan online görüş keçirilib. Görüşdə öz ideyalarını reallaşdırmaqda maraqlı olan 40-dan artıq tələbə iştirak edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan görüşdə MDU-nun rektoru Şahin Bayramov Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi barədə məlumat verib.
Rektor bildirib ki, “Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.
Ş.Bayramov, ümumilikdə 27 komandanın qeydiyyatdan keçdiyi və 16 komandanın yarımfinala yüksəldiyi sözügedən müsabiqədə MDU-nun “Crisis Heroes” komandası tərəfindən hazırlanan “Danışan ixtisas” portalının fərqlənən layihə olaraq dördüncü yerə layiq görüldüyünü bildirib. O, “Crisis Heroes” komandasının görüşdə iştirak edən bütün üzvlərini yüksək nəticə münasibətilə təbrik edib, ilk dəfə belə bir nüfuzlu müsabiqəyə qatılan MDU komandasının dördüncü yerə layiq görülməsini universitetin uğuru kimi dəyərləndirib.
Görüşdə çıxış edən “Crisis Heroes” komandasının kapitanı və üzvləri müsabiqəyə hazırlıq üçün yaradılan şəraitə və imkanlara görə universitet rəhbərliyinə təşəkkür edib və müsabiqədə iştirakın təcrübə toplanılması baxımından çox faydalı olduğunu diqqətə çatdırıblar.
Görüşdə iştirak edən tələbələr bundan sonra da MDU-nu layiqincə təmsil etməyə, kreativ ideyalarını layihələrə çevirməyə və startap fəaliyyətlərində daha aktiv olmağa çalışacaqlarını bildiriblər.
|
|
13.05.2020 | 14:59 | |
|
|
|