“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020”

Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Təhsil Nazirliyi və Azərbaycan Təhsil İnstitutunun  iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov  konfransın əhəmiyyəti və institutda fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışıb. Bildirilib ki, hər il ənənəvi olaraq institutda mövzu ilə əlaqədar  respublika elmi-praktik konfransı keçirilir.

 

Rektor kurikulum islahatlarının tarixinə toxunub, daha sonra vurğulayıb ki, institutda muxtar respublikada müəllimlərin ixtisasartırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatının  həyata keçirilməsi funksional vəzifələr sırasındadır.

 

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki,  ölkəmizdə aparılan təhsil islahatları, qəbul edilən  Dövlət Proqramlarının nəticəsidir ki, mövcud karantin dövründə həm orta , həm də ali təhsil sistemində təlim-tərbiyə işləri ilə yanaşı, elmi-praktik işlər də günün tələbləri səviyyəsində aparılır, müxtəlif proqramlar vasitəsilə konfranslar, seminarlar təşkil edilir. Qeyd olunub ki,  universitetdə yaradılan müasir maddi-texniki imkanlar, distant təhsil şəbəkəsi üçün yaradılan infrastruktur bu gün 1000-ə yaxın insanı mövcud proqram vasitəsilə virtual məkana dəvət etmək gücündədir. Rektor rəhbəri olduğu ali təhsil ocağında pedaqoji profilli ixtisaslar haqqında məlumat verib. Qeyd edilib ki, pedaqoji profilli 16 ixtisasın mövcud olduğu universitetdə  magisrtatura səviyyəsində 5 ixtisas üzrə 50-yə yaxın tələbə təhsil alır. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında doktorantura səviyyəsində pedaqoji profilli ixtisasların tədqiqat yönümlü işlərə cəlb edilməsi peşənin gələcək perspektivindən xəbər verir.

 

Sonra Naxçıvanın  Təhsil Naziri Rəhman Məmmədov müasir dövrdə ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı yaradılan şərait və kurikulumun tətbiqindən sonra təhsildə qazanılan uğurlar barədə məlumat verib. Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Nazir gənc müəllimlərdən ibarət assosiasiyanın yaradılmasından da danışıb. Qeyd edib ki, muxtar respublikanın təhsil strategiyasının mühüm tərkib hissəsi kimi birliyin yaradılmasında əsas məqsəd azad fikrə, yaradıcı gücə, innovativ biliklərə malik  fəal gənc müəllimlərin bir araya gəlməsi, innovativ layihələrin tətbiqi və icrasıdır.

 

Sonra  adları çəkilən təhsil müəssisələri  əməkdaşlarının  müxtəlif mövzular üzrə məruzələri dinlənilib.  120-dən çox nümayəndənin qatıldığı konfrans bölmələr üzrə öz işini davam etdirib.

 



13.05.2020 | 11:41