Şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb | |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq Təhsil Kuboku” yekunlaşıb.
9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edib.
Oyunlar seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilib. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparıb.
Beynəlxalq yarışın nəticələrinə əsasən 17 yaşadək şahmatçılar arasındaI yerə Hindistan şahmatçısı Arjun Eriqaisi, II yerə Özbəkistan şahmatçısı Nodirbek Abusattarov, III yerə Hindistan şahmatçısı Raunak Sadvani layiq görülüb. Azərbaycan şahmatçılarından Xəzər Babazadə IV, Vüqar Manafov V yerdə qərarlaşıb. Nəticələrə görə, Əhməd Əhmədzadə və Aydın Süleymanlı mükafatçılar sırasında yer alıb.
Qızlar arasında şahmatçılarımızdan Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla I və II yerləri bölüşüb, III yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb.
12 yaşadək iştirakçılar arasında ən yaxşı nəticəni ukraynalı şahmatçı Tixon Çerniyayev göstərib. Bu nominasiya üzrə II yeri həmyerlimiz Rüstəm Rüstəmov, III yeri ukraynalı şahmatçı İhor Samunenkov tutub.
Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, www.chess.com internet portalı üzərindən təşkil olunan turnirin oyunları youtube kanalında canlı olaraq şərh edilib, final mərhələsi “İdman Azərbaycan” kanalında canlı yayımlanıb. Onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub.
Onlayn “Beynəlxalq Təhsil Kuboku”na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:
Yarışın internet səhifəsi: www.tehsilchess.az/itc2020
Canlı yayım linki: https://www.youtube.com/watch?v=jU4CLjrnF3A&t=3215s, https://www.youtube.com/watch?v=jU4CLjrnF3A&t=3215s, https://drive.google.com/file/d/1HL-m4lnNsxPS35vAIaBL-0G3c37reV3A/view?usp=sharing
Yarışın nəticələri: www.tehsilchess.az/itc2020-results
Yarışın əsasnaməsi: https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf
|
|
12.05.2020 | 09:48 | |
|
|
|