Belqrad Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib | |
Mayın 18-də Belqrad Universitetində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Belqrad Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru, Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova tədbiri açaraq Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib, ölkəmizdə və xaricdə bu münasibətlə həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.
Belqrad Universitetinin filologiya fakültəsinin dekanı, professor Liliyana Markoviç təmsil etdiyi ali məktəbdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasından, eləcə də bu günlərdə Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlayacağından məmnunluğunu ifadə edərək, hər iki Mərkəzin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Belqrad Universitetinin “Şərqşünaslıq” kafedrasının direktoru, professor Ancelka Mitroviç təmsil etdiyi təhsil ocağında Şərq dillərinin tədrisindən bəhs edib, yeni yaradılmış Mərkəzin Serbiya ictimaiyyəti tərəfindən maraqla qarşılandığını, Belqrad Universitetinin tələbələrinə xalqımızın tarixi, dili və zəngin adət-ənənələri ilə tanış olmasına şərait yaradacağına əmin olduğunu söyləyib.
Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə qurumun işindən danışaraq, ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Belqrad Universitetinin professoru, şərqşünas Ema Milkoviç Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanın tarixən çoxmillətli və müxtəlif dinlərin çulğalaşdığı bir məkan kimi malik olduğu zəngin multikulturalizm ənənələrindən bəhs edib.
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Cavanşir Məcidov çıxışında Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və elan edilməsi, həmin dövrdə ölkəmizdə cərəyan edən hadisələrə diqqət çəkib.
Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Esma Sirbubalo 10 may 2018-ci il tarixində Belqrad Milli Teatrının Simfonik Orkestri və Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə Belqradda keçirilmiş konsert proqramı haqqında təəssüratlarını bölüşüb.
Sonra tədbir iştirakçıları “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı filmə baxıblar.
|
|
21.05.2018 | 17:47 | |
|
|
|