“Azərbaycan təsviri sənəti qədimlərdən bugünə”

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin müəllim və tələbələri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin  “Azərbaycan təsviri sənəti qədimlərdən bugünə” mövzusunda keçirdiyi onlayn seminarda iştirak edib.

 

Fakültənin dekanı, Naxçıvanın  Əməkdar rəssamı Cavid İsmayılov seminarda çıxış edərək  bildirib ki, muxtar respublikada professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da, bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir.

 

Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən əməkdar rəssam vurğulayıb ki, realist Azərbaycan rəssamlığının banisi B.Kəngərlinin əsərlərində dövrün koloriti, başlıca  mövzuları öz  əksini tapıb.

 

Professor Ziyadxan Əliyev Azərbaycanın qədim incəsənət nümunələri sayılan, əcdadlarımızın yaratdığı bəşəriyyətin ən qədim insan məskənlərindən biri olduğunu sübut edən Qobustan qayaüstü rəsmləri, Gəmiqaya petroqlifləri haqqında danışıb.  

 

Seminarda  Yaxın və Orta Şərq xalqları incəsənətinin  maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti, eləcə də Azərbaycanın təsviri sənət tarixinə öz töhfələrini vermiş Səttar Bəhlulzadənin də əsərləri geniş təhlil edilib.

 

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

 

 



10.05.2020 | 12:34