ADNSU-da IV Məzun - Karyera Sərgisi keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 78 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 562 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, “Azərsu” ASC, “Azərenerji”, “SOCAR Polymer”, “KCA Deutag” və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

 

Açılış mərasimindəki çıxışında universitetdə məzun-karyera sərgilərinin keçirilməsinin artıq ənənə halı aldığını bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitet və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində bu cür sərgilərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor M.Babanlı Məzun-Karyera Mərkəzinin sərgi ilə yanaşı yuxarı kurs tələbələri üçün müntəzəm təlimlər də təşkil etdiyini  diqqətə çatdırıb.

 

Ölkənin iqtisadiyyatı və sənayesinin tələblərinə cavab verən peşəkar kadr hazırlığının universitetin əsas məqsədlərindən biri olduğunu deyən M.Babanlı ADNSU-nun gələcəkdə beynəlxalq standartlara cavab verən ali məktəb olmağı hədəflədiyini bildirib.

 

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət edib. Tədbirdə Məzun-Karyera Mərkəzinin təlimlərində fəal iştirak edən bir qrup tələbəyə sertifikatlar təqdim olunub.

 



21.05.2018 | 16:43