“Fürsətlər və tələlər”adlı maarifləndirici seminar keçirilib

Mayın 19-da “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinin təşkilatçılığı ilə internetə həsr olunan “Fürsətlər və tələlər adlı maarifləndirici seminar keçirilib. Azərbaycanda ilk dəfə peşəkar aktyorların və həkim psixoterapevt Həlimə Qəmərlinskayanın iştirakı ilə “Odlar Yurdu “ Universitetində təşkil olunan tədbirdə paytaxtın bir sıra ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və valideynlər iştirak ediblər.

 

Tədbiri “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinin direktoru Saleh Məmmədli açaraq seminarın məqsəd və məramından danışıb. Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə ilə bağlı müxtəlif fikirlərin söylənildiyini, yazıların yazıldığını deyən direktor bugünkü seminarın maarifləndirici xarakter daşıdığını və məsələyə bu dəfə daha fərqli formatda yanaşıldığını bildirib. Qeyd olunub ki, məqsəd hər bir insanın özünü inkişaf etdirmək üçün əvəzedilməz bir vasitəyə çevrilən internetin faydalarından danışmaqla yanaşı, eyni zamanda ondan düzgün istifadə edilmədikdə verdiyi fəsadlara qarşı daha diqqətli olmağı göstərməkdir.

 

Saleh Məmmədli onu da əlavə edib ki, təqdim edilən maarifləndirici seminarın respublikamızın bir sıra bölgələrində də təşkili planlaşdırılır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdırıb. Bu gün bir çox ailələrdə internetlə bağlı müəyyən psixoloji problemlərin yaşandığını söyləyən aktyor onların həllində peşəkar psixoloqların, həkim psixoterapevtlərin məsləhətlərinə ciddi ehtiyacın duyulduğunu deyib. Qeyd edib ki, bu və gələcəkdə digər mövzularda da seminarların təşkili, orada tanınmış mütəxəssislərin təhsil işçiləri, eləcə də valideynlər ilə canlı ünsiyyətdə olmaları bir çox məsələlərin öz həllini tapmasında mühüm rol oynaya bilər.

 

Nurəddin Mehdixanlı ölkəmizdə ilk dəfə belə bir tərzdə seminarın keçirilməsini, burada qoyulan problemlərin müzakirə olunmasına daha kreativ, yaradıcı yanaşılmasını yüksək qiymətləndirərək tədbirin təşkilatçısı olan “Təhsilə dəstək” əlavə təhsil müəssisəsinə minnətdarlığını bildirib.

 

Sonra həkim psixoterapevt, “Stressin idarəetmə” üsulları üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya “Fürsətlər və tələlər” mövzusunda geniş təqdimat edib. Həlimə xanım çıxışında internetdən istifadənin üstünlüklərindən, habelə ondan düzgün istifadə olunmadıqda insan psixikasında yaratdığı ciddi problemlərdən, xüsusilə yeniyetmə və gənclərin sağlamlığına vurduğu zərərlərdən ətraflı danışıb. Həkim günümüzün reallıqlarından biri olan kompüter asılılığına da geniş toxunaraq bu sahədə yaşanan psixoloji gərginliklərin həlli ilə bağlı tövsiyələr verib.

 

Seminarın özəlliyi isə müzakirə olunan mövzularla bağlı gündəlik həyatımızda rast gəlinən situasiyaların “Rebus” Teatrının aktyorları tərəfindən səhnəciklər şəklində nümayiş etdirilməsi idi.

 

Qeyd edək ki, seminar, ilk dəfə keçirilməsinə baxmayaraq, təhsil işçiləri və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Samirə KƏRİMOVA

 



21.05.2018 | 10:32