Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

YUNESKO, YUNİSEF, Ümumdünya Ərzaq Proqramı və Dünya Bankı bütün dünyada, təxminən 1,3 milyard  şagirdin təhsildən kənarda qalmasına səbəb olan  koronavirus pandemiyası nəticəsində bağlanmış məktəblərin   təhlükəsiz şəkildə yenidən açılması üçün  "Yol xəritəsi" hazırlayıb. 

 

Təlimatda qeyd olunur ki, COVID-19 pandemiyasına cavab olaraq dünyanın hər yerində təhsil müəssisələrinin  bağlanması  uşaqların, xüsusilə də təhsil, səhiyyə, təhlükəsizlik və qidalanma baxımından  məktəblərə etibar edən sosial cəhətdən zəif  ailələrdən olan uşaqların təlimi  və rifahı üçün görünməmiş risk yaradır.  Sənəddə  məktəbə qayıtdıqdan sonra uşaqların təhlükəsizliyinin təmin edilməsi yolları haqqında milli və yerli hakimiyyət orqanlarına praktiki məsləhətlər verilib.
 

YUNESKO-nun baş direktoru Odre Azule bildirib ki,  məktəblərin nə vaxt və necə açılacağı barədə  qərar bütün ölkələr üçün prioritet məsələ olmalıdır.   "Səhiyyə sahəsində yaşıl işıq yandıqdan sonra hər  bir şagirdin məktəbdən kənarda qalmamasını təmin etmək üçün bir sıra tədbirlər görülməlidir. Bizim ümumi məqsədimiz hər bir şagird üçün təhsil hüququnun qorunması və həyata keçirilməsini təmin etməkdir",-deyə Odre Azule bildirib.

 

YUNİSEF-in  icraçı direktoru Henrietta Fore bildirib ki, qeyri-bərabərliyin artması, sağlamlıq vəziyyətinin pisləşməsi, zorakılıq, uşaq əməyi və uşaq nikahları məktəbə getməyən uşaqlar üçün uzunmüddətli təhlükələrin yalnız bir hissəsidir.  "Biz bilirik ki, məktəbə uzun müddətə getməyən uşaqların  siniflərə qayıtma ehtimalı azdır. Əgər təhlükəsizlik şəraitində məktəblərin yenidən işə başlamasına prioritet diqqət yetirməsək, biz, çox güman ki, təhsil sahəsində əldə edilmiş nailiyyətlərin fəlakətli itkisi ilə qarşılaşacağıq",-deyə H. Fore əlavə edib.  

 

"Ən yoxsul ölkələrdə uşaqlar tez-tez yalnız yemək almaq üçün məktəblərə güvənirlər. Lakin bir çox məktəblər hazırda COVID-19 səbəbindən bağlandığına görə, 370 milyon uşaq yoxsul ailələr üçün bir xilasetmə dairəsi olan tamhüquqlu qida almır. Onlar , ümumiyyətlə məktəbdə aldıqları tibbi yardımdan da məhrum olurlar. Bu, uzunmüddətli ziyana səbəb ola bilər, buna görə məktəbləri bərpa edərkən ən həssas uşaqları məktəbə qaytarmağa kömək edə biləcək qidalandırma proqramlarının və sağlamlıq xidmətlərinin bərpa edilməsi çox vacibdir ",-deyə  Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli  bildirib.

 

Sənəddə vurğulanır ki, milli və yerli hakimiyyət orqanlarının məktəblərin yenidən işə salınması ilə bağlı qərarları uşaqların maraqları və ictimai səhiyyənin ümumi mülahizələri nəzərə alınmaqla, təhsil, ictimai səhiyyə və sosial-iqtisadi amillərin müvafiq üstünlük və risklərinin qiymətləndirilməsi əsasında qəbul edilməlidir.

 

Sənədə əsasən, məktəblər öz işlərini daha səmərəli şəkildə necə davam etdirə biləcəklərini, təhsilin keyfiyyətini artırmağı, məktəbdəki uşaqlara sağlamlıq və qidalanma xidmətləri, psixo-sosial dəstək və su təchizatı, sanitariya və gigiyena sahələrini əhatə edən hərtərəfli dəstək göstərmələrini düşünməlidirlər.

 

Ölkələr məktəblərin nə vaxt  açılmasana qərar verməyə çalışarkən, Qlobal Təhsil Koalisiyasının bir hissəsi kimi YUNESKO, YUNİSEF və Ümumdünya Ərzaq Proqramı hökumətləri distant tədrislə müqayisədə sinifdə tədrisin üstünlüklərini, həmçinin məktəblərin bərpası ilə bağlı risk faktorlarını yüksək səviyyədə qiymətləndirməyə,  dərslərin başlanması ilə əlaqədar yoluxma riski ilə bağlı bütün məlumatları qətiyyətlə  qeyd etməyə çağırır.

 

YUNESKO tərəfindən məktəblərin yenidən qurulmasının planlaşdırılması ilə əlaqədar təhsil nazirlərinin iclasında təqdim olunan bu təlimat aşağıdakı prinsipləri özündə cəmləşdirib:

 

* İslahat siyasəti. Siyasi təsirlər  ictimai səhiyyə sahəsində fövqəladə hallar zamanı məktəblərin açılması və bağlanması ilə bağlı aydın siyasət daxil olmaqla, rəhbərliyin bütün aspektlərini əhatə edir. İslahatlar marginallaşmış və məktəbə getməyən uşaqlar üçün bərabər imkanları genişləndirməli, uzaqdan təhsil təcrübələrini gücləndirməli və standartlaşdırmalıdır.

* Maliyyələşdirmə tələbləri. Davamlılığı bərpa etmək və artırmaq üçün COVID-19-ın təhsilə və təhsil sistemlərinin gücləndirilməsinə investisiya qoyuluşuna təsiri  nəzərə alınmalıdır.

* Təhlükəsiz əməliyyatlar. Xəstəliklərin yayılmasının miqyasının azalmasına, əsas xidmət və materialların zəmanətinə və sağlam həyat tərzinin təbliğinə şərait yaradılmalıdır. Buraya  əllərin təhlükəsiz yuyulması üçün uşaqların  sabun və təmiz su ilə təmin olunması, işçi və ya şagirdlərin özlərini pis hiss etdikləri hallarda tətbiq olunan prosedurlar, sosial məsafə protokolları daxildir.

* Öyrənmənin kompensasiyası. Əsas diqqət tədris vaxtının itkisini kompensasiya edən, pedaqogikanı gücləndirən və məsafədən təhsil sahəsində yanaşmaların inteqrasiyası kimi hibrid tədris modellərinə söykənən təcrübəyə yönəldilməlidir. Buraya xəstəliklərin ötürülməsi və qarşısının alınması barədə məlumatlar daxil edilməlidir.

* Rifah və müdafiə. Bu, şagirdlərin rifahına diqqətin artırılması və uşaqların müdafiəsinin gücləndirilməsi, onların mütəxəssislərə istiqamətləndirilməsi və məktəb bazasında əsas xidmətlərin, o cümlədən tibbi xidmət və məktəb qidalanmasının təkmilləşdirilməsi mexanizmlərinin köməyi ilə həyata keçirilir.

Əhalinin təcrid olunmuş təbəqələrinin əhatəliliyi.  Əvvəllər məktəbə getməyən uşaqlar, məcburi köçkünlər və miqrant  uşaqları, eləcə də azlıqlar kimi təhsildən təcrid olunmuş qruplara çıxışı genişləndirmək üçün məktəblərin açılması siyasəti  və praktikası uyğunlaşdırılmalıdır. Müvafiq dillərdə və mövcud formatlarda mühüm kritik rabitə  və onun əhatəliliyinin diversifikasiyası  təmin edilməlidir.      

  

Dünya Bankının təhsil sahəsində Qlobal praktika rəhbəri Xayme Saavedranın sözlərinə görə,  məktəblərin yenidən öz işini bərpa etməsindən sonra  şagirdlərin təhlükəsizlik şəraitində yenidən inteqrasiyası  prioritet vəzifə olacaq, xüsusilə tədrisdə daha çox zərər görənlər üçün təhsilin yenidən qüvvəyə minməsi mühüm məsələ olacaq.  "Bu, həlledici andır, belə ki,  daha səmərəli və ədalətli olması üçün "yeni norma" bir başlanğıc meydançasıdır. Məktəblərin yenidən  fəaliyyətə başlamasını tənzimləmək məqsədi ilə təhsil müəssisələrinin maddi-texniki bazasını hazırlamaq, habelə müəllim heyətinin hazırlığını təmin etmək lazımdır. Onların ən əlverişsiz şagirdlərin təhsilinin bərpa olunmasına kömək etmək üçün xüsusi planları olmalıdır. Bu qaydalar Birləşmiş Millətlər Təşkilatının əsas müəssisələrinin fəaliyyətinin razılaşdırılması işində irəliləmək üçün əsasdır", - deyə Xayme Saavedra bildirib.

 

(https://en.unesco.org/news/new-guidelines-provide-roadmap-safe-reopening-schools)


Oruc MUSTAFAYEV

 



01.05.2020 | 14:36