İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda onlayn müzakirələr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.

 

İnstitutdan bildirilib ki iclasda cari ilin ilk rübündə elmi müəssisənin fəaliyyəti, görülən işlər və əldə olunan nəticələrə dair müzakirələr aparılıb.

 

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, xüsusi karantin rejimi dövründə “Evdə qal” prinsipini əsas götürən müəssisə əməkdaşları Naxçıvanın ədəbi-mədəni mühitinin inkişaf tarixi, folkloru, onomastikası, dialekt və şivələri ilə bağlı tədqiqatlarını davam etdirirlər.  

 

İnstitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli əməkdaşların kütləvi informasiya vasitələrində elmi-kütləvi mövzularda çıxışları və qarşıdakı aylarda keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti barədə məlumat verib.

 

Daha sonra institutun elmi katibi Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov, Dilçilik şöbəsinin müdiri Nuray Əliyeva, həmin şöbənin aparıcı elmi işçisi Zülfiyyə İsmayıl və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi Nərgiz İsmayılova çıxış edərək, xüsusi karantin rejimi dövründə apardıqları tədqiqatlar, nəşrə hazırladıqları əsərlərlə bağlı görülən işləri diqqətə çatdırıblar.

 

Onlayn iclasa yekun vuran Ə. Quliyev qarşıda duran vəzifələrdən danışaraq, əməkdaşlara müvafiq tapşırıq və tövsiyələrini verib.

 



01.05.2020 | 13:44