Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Təhsil Nazirliyinin "BİR" tələbə-könüllülərinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı 300 ədəd “üz sipəri” ilə təmin olunub.

 

Bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM Azərbaycan layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə “3D” printerlərlə çap olunan “üz sipəri”nin istehsalı davam etdirilir. "Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri koronavirus pandemiyası dövründə insanların ruh yüksəkliyini saxlamaq və bu dövrdə çalışan şəxslərə təşəkkür etmək üçün onlayn aksiyalar həyata keçirir, donor kimi qanvermə aksiyalarına qoşulur, ehtiyacı olan şəxslərə yardımların çatdırılması, 65 yaşdan yuxarı insanlara sosial xidmətlərin göstərilməsi işlərinə dəstək olurlar.

 

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı 23 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 

 



30.04.2020 | 16:00