“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Naxçıvan Dövlət Universiteti (NDU) Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirəsi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayevin də iştirak etdiyi müzakirədə Əliağa Vahid yaradıcılığına nəzər salınıb. Rektor bu cür müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını qeyd edib. Vurğulanıb ki, hər bir müəllim və tələbə boş vaxtdan maksimum istifadə etməli və mütaliəni gündəlik peşə fəaliyyətinə çevirməlidir. Rektor 24 saat onlayn şəkildə oxuculara xidmət göstərən kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək, hər  kəsi müzakirələrdə fəal olmağa səsləyib.

 

Elmi Kitabxananın direktoru Fariz Əhmədov Azərbaycanın görkəmli şairi, tanınmış qəzəlxan Əliağa Vahidin həyat və yaradıcılığı haqda danışıb. Bildirib ki, Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. “Vahid” təxəllüsü ilə məşhurlaşan qəzəlxanın yaradıcılığı yüksək qiymətləndirilib və şairin tərcüməçi kimi də fəaliyyəti önə çəkilib.

 

Tədbirdə, eyni zamanda Əliağa Vahidə həsr edilən “Qəzəlxan” filmi də müzakirə olunub. Qeyd edilib ki, filmdə vahid bir süjet xəttinin olmamasına baxmayaraq, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmdə ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamları lentə alınmaqla, onun ümumiləşdirilmiş bədii obrazı yaradılıb. Tələbələr film haqda təəssüratlarını bildirib, bu istiqamətdə müzakirələr aparıblar.

 

 



29.04.2020 | 14:35