Məktəbləri yenidən necə aça bilərik? | |
Koronavirus pandemiyasından sonra məktəbləri yenidən necə aça bilərik? OECD-nin effektiv təlim layihəsinin məsləhətçiləri Alaster Blit (Vesminster Universitetinin baş müəllimi), Culi Velissaratın oxuculara təqdim etdiyimiz bu məqaləsində postpandemiya dövründə təhsil sistemlərinin atacağı addımlardan bəhs olunur.
Məqalədə qeyd edilir ki, 1,5 milyard şagirdin məktəbə qayıtması həm valideynlər, həm də hökumətlər üçün rahatlıq olacaq. Valideynlər işə qayıda, iqtisadiyyatlar dirçələ bilər.
Bəzi ölkələr pandemiyaya qarşı mübarizə tədbirlərini yalnız indi tətbiq etməyə, digərləri isə artıq bəzi məhdudiyyətləri ləğv etməyə başlayır. Ötən həftə Danimarkada kiçikyaşlı uşaqlar üçün bəzi məktəblər yenidən açıldı və eynilə bu həftə Norveçdə də məktəblərin açılması baş verməlidir. Məktəblərin yenidən açılması üçün doğru vaxtı müəyyən etmək çətindir.
Bu mövzu bir yana, ən mühüm problemlərdən biri təlim üçün fiziki mühiti, sinfi hazırlamaqdır. Biz artıq gördüklərimizdən hansı ilkin nəticələri çıxara bilərik?
"Məktəblərin yenidən açılması diqqətlə planlaşdırılmalı və səhiyyə işçilərinin tövsiyələrinə uyğunlaşdırılmalıdır", - deyə OECD-nin effektiv tədris mühiti üzrə işçi qrupunun başçısı, Yeni Zelandiya Təhsil Nazirliyinin infrastruktur xidmətinin rəhbəri Kim Shannon məsləhət görür. Aydındır ki, universal bir həll yoxdur və çox şey koronavirus pandemiyasının ayrı-ayrı ölkələrə və onların davamlılığına necə təsir göstərəcəyindən asılı olacaq.
Diqqət qərarların qəbul edildiyi üç sahəyə yönəldilir: - yeni gigiyena vərdişlərinin təşviqi; - məktəblərdə sosial məsafənin təmin edilməsi; - onlayn öyrənmənin gücləndirilməsi.
Yeni gigiyena vərdişlərinin təşviqi
Məktəblər yenidən açıldıqdan sonra hər kəs mütəmadi olaraq əllərini yumaq, dirsək nahiyəsinə, yaxud dəsmal parçasına öskürmək və ya asqırmaq məcburiyyətində qalacaq. Məktəblər bir sıra əlavə tədbirlərin necə həyata keçirilməsi barədə düşünməlidirlər:
Məkanlar və xidmətlər: məktəblər sosial məsafəni mümkün edən sanitariya-gigiyena qurğularına ehtiyac duyacaqlar. Məktəbləri şübhəli COVID -19 infeksiyasına qarşı izolyatorla təmin etmək lazım ola bilər. Müntəzəm vaxt intervalları ərzində məktəb binalarının əlavə təmizlənməsi və dərindən dezinfeksiyası lazımdır.
Sanitar-gigiyenik vasitələrin alınması: məsələn, sinfə girməzdən əvvəl masa və oturacaqların təmizlənməsi üçün antibakterial salfetlər, sanitar gel, maskaların və ya əlcəklərin istifadəsi üçün tələblər. Bəlkə də bərk sabun parçaları deyil, maye sabun məhlulları istifadəyə daxil edilə bilər.
Təlim: məktəblərdən tələbələrə, müəllimlərə və işçilərə əsas gigiyena və maneə jestləri, həmçinin koronavirusun simptomları və təsirləri ilə bağlı təlim keçmək tələb oluna bilər.
Məktəblərdə sosial məsafənin tətbiqi
Məktəblərdə sosial və ya fiziki məsafə şagirdlərin bir-birlərindən və müəllimlərdən ən azı iki metr məsafədə olması deməkdir. Bu, kiçik uşaqlar üçün asan deyil və standart ölçüsü 60 kvadratmetr olan 30 nəfərlik sinif üçün qeyri-mümkündür. Tədris binalarında təhsilalanların sayının azaldılması planlaşdırma dəyişikliyinə əsasən əldə edilə bilər. Məsələn, hər bir sinfin daha kiçik qruplara bölünməsi, qısaldılmış məktəb saatlarının planlaşdırılması, səhər və axşam növbələrinin nəzərdə tutulması (məsələn, yaş qrupları üzrə), yemək otaqları, trenajor zalları, kitabxanalar və digər zallar kimi böyük otaqların yenidən istifadəyə verilməsi. Hibrid variant kimi məktəbdə bəzi dərslərin birgə keçilməsi də ola bilər.
Mülayim iqlim şəraitində, uyğun bilindiyi müddətdə məktəb binalarının ətrafındakı boş tikililərdən də tədris üçün istifadə etmək mümkündür. Məktəb binalarının içərisində baş verənlərə başlıca diqqət yetirilir, amma sinifdən kənarda olan yerlər necədir? Yaxşı havalandırılan sahələr əvvəlkindən daha vacibdir.
İnternet təhsili yüksəlişdədir, lakin ...
Onlayn resurslara giriş, şübhəsiz ki, bir çox tələbələrə evdə təhsil almaqda kömək etsə də, onlayn resurslara praktiki olaraq çıxışı olmayan insanlar əlverişsiz vəziyyətə düşürlər. Bu bərabərsizlik öyrənmə boşluqlarını aradan qaldırmaq və onların rifahını təmin etmək üçün həssas şagirdlər üçün alınan tədbirlərə diqqət yetirən bir çox hökumətlərdə narahatlıq doğurur. Bəzi hökumət orqanları tələbələrə noutbuk və ya planşetlərin təqdim edilməsinə, eləcə də 4G mobil şəbəkələrinə çıxışın yaxşılaşdırılmasına diqqət yönəldiblər.
Məsələn, İngiltərənin Təhsil Departamenti bu yaxınlarda onlayn təlimi dəstəkləmək üçün əhəmiyyətli bir paket barədə açıqlama verdi. Digərləri televiziya və radio kimi uzaqdan öyrənmə üçün alternativ kanallar qururlar.
Pandemiyanın bir neçə dalğaya malik ola biləcəyini nəzərə alsaq, gələcəyə dair etibarlı strategiyalar qurmaq üçün mövcud böhrandan tez bir zamanda dərs almaq lazımdır. Məqalədə qeyd olunur ki, Harvard Ali Təhsil Məktəbi və OECD-nin Təhsil və bacarıqların idarə edilməsi Departamenti hazırda COVID-19-a qarşı sürətli reaksiya sisteminin inkişaf etdirilməsi üzrə yeni tədqiqata başlayıb. Tədqiqatda əsas diqqət məktəblərin yenidən açılmasına yönəldilir.
(Mənbə: oecdedutoday.com/how-re-open-schools-after-coronavirus/)
Oruc MUSTAFAYEV
|
|
28.04.2020 | 14:45 | |
|
|
|