Səriştə əsaslı təhsil islahatların uğuru üçün olduqca vacibdir

“Səriştə peşəkar fəaliyyət üçün başlıca meyardır”. Bu fikri fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk dəfə keçirilən Pedaqoji Forumda təhsil eksperti Asif Cahangirov səsləndirib. Onun sözlərinə görə, bu səriştə əsaslı təhsil islahatların uğurla həyata keçirilməsi və bütövlükdə təhsil sahəsinin inkişafı üçün olduqca vacibdir. Forumda ekspert  “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusundakı  təqdimatında bildirib ki, səriştə əsaslı təhsil “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda həyata keçiriləcək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub: “Hazırda universitetlərin təhsil-tədqiqat innovasiya mərkəzlərinə çevrilməsi aktual vəzifədir. Universitetlərin tədqiqat universitetlərinə çevrilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu vəzifənin uğurla həyata keçirilməsində səriştə əsaslı təhsil mühüm rol oynayır. Səriştə - bilik, bacarıq, təcrübə, qabiliyyətdir. Səriştə biliyə əsaslanır, bacarıq və qabiliyyətin məcmusu kimi qiymətləndirilir. Səriştə məxsusi bilikdir, spesifik qabiliyyətdir. Biliklərin praktiki istifadəsi vacibdir. Səriştə əsaslı təhsildə nəzəriyyə praktika ilə birləşdirilir, elmi-nəzəri biliklər əməli fəaliyyətdə tətbiq edilir. Səriştə konkret fəaliyyət nəticəsində əldə edilir, konkret şəraitdə özünü büruzə verir və peşəkar fəaliyyət üçün başlıca meyardır. Səriştə əsaslı təhsil müasir dünyada geniş yayılmış ömürboyu təhsil üçün də vacibdir. Təhsilyönümlü ali təhsildən təlimyönümlü ali təhsilə keçid qarşımızda vacib bir vəzifə kimi dayanır. Tələbə-gənclərə elmi-tədqiqat fəaliyyəti aşılanmalı, onlarda elmi-tədqiqat metodologiyalarından istifadə bacarıqları formalaşdırılmalıdır”. Hər bir şəxsə konkret olaraq bir səriştənin aşılanmasının zəruriliyini deyən ekspert bunun üçün müasir təlim metodları, zəruri tədris vasitələrinin seçilməli olduğunu vurğulayıb. 

Tədbirdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov Pedaqoji Forum haqqında məlumat verərək bildirib ki, forum ölkədə elmi-pedaqoji müzakirələrin keçirildiyi daimi platformadır. Pedaqoji Forum hər ilin sentyabr-may aylarında ölkədə və xaricdə təhsil və pedaqoji fikir sahəsində böyük təcrübəyə, elmi-tədqiqat nəticələrinə malik alimlərin və ekspertlərin dinləmələrinin keçirilməsi üçün imkandır. Forumun dinləmələrinin ayda bir dəfə keçirilməsi planlaşdırılır.

Təhsil eksperti, professor Şahlar Əsgərov tədbirdə çıxış edərək son vaxtlar ADPU-da yaradılan təhsil mühitindən, ali məktəbdə görülən məqsədyönlü işlərdən danışıb. Forumdakı mövzunun aktuallığını deyən professor təqdimatı yüksək qiymətləndirib. Tədbirdə ADPU-da son vaxtlar səriştə əsaslı təhsil baxımından pedaqoji təhsilin məzmununda, təhsil prosesinin təşkilində baş verən dəyişikliklər, müəllim hazırlığına spesifik yanaşmalar və digər vacib məqamlarla bağlı maraqlı və səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək yüksək səviyyəli konseptual təqdimata görə A.Cahangirova təşəkkür edib və ziyalılıq mühitinin formalaşmasında böyük önəm kəsb edən belə təqdimatların gələcəkdə də ardıcıl keçiriləcəyini vurğulayıb. Belə forumların universitetdə təhsilin keyfiyyətinin artmasına təsir edəcəyindən ümidvar olduğunu deyib.

 

Niyazi RƏHİMOV 



23.02.2018 | 10:30