Əgər üzməyi bacarırsansa... | |
Üzgüçülük insan sağlamlığı üçün çox əhəmiyyətli idman növüdür. Ölkəmizdə bu idman növünə maraq böyükdür. İnsanlar istər peşəkar, istərsə də həvəskar səviyyədə bu idman növü ilə məşğul olurlar. Üzgüçülüyün insanlara faydası haqqında daha ətraflı məlumat əldə etmək üçün “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli İxtisaslaşdırılmış İdman Məktəbinin direktor əvəzi Əli Musazadə ilə görüşdük. İdman məktəbinin üzgüçülük bölməsinin bu sahədəki uğurlarından danışan Əli müəllim bir çox məşhur üzgüçülərin burada məşğul olduğunu diqqətə çatdırdı. Bildirdi ki, hazırda idman məktəbində hovuzun təmirə dayanması ilə əlaqədar bəzi çətinlikər yaranıb: “Hal- hazırda idman məktəbinin hovuzu təmirə dayandığından üzgüçülük bölməsinin müəllimləri dərsləri başqa hovuzlarda keçmək məcburiyyətindədirlər. Bütün bu çətinliklərə baxmayaraq məktəbin üzgüçülük bölməsi fəaliyyətini davam etdirir və hər il bir çox yarışlarda uğurla çıxış edir”. Əli Musazadə üzgüçülüklə bağlı suallarımızı cavablandırmaq üçün bölmənin məşqçi müəllimlərini bizimlə söhbətə cəlb elədi.
“Əgər özünüzü sağlam və gümrah görmək istəyirsinizsə, idmanla məşğul olun. Gimnastika və yüngül atletika, voleybol, basketbol və digər idman oyunlarını öyrənin və ona ciddi əməl edin. Yaxınlıqda hovuz, çay, göl, yaxud dəniz varsa üzməyi öyrənin. Üzgüçülük vücudunuzun inkişaf etməsinə, bütün orqanlarınızın hərəkətə keçməsinə kömək edir. Qədim Yunanıstanda oxumağı və üzməyi bacarmayan adamları həyata ən az uyğunlaşmış şəxslər hesab etmişlər”. Demək olar ki, bütün idman mütəxəssislərinin də qeyd-şərtsiz bölüşdükləri bu fikirləri “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli İxtisaslaşdırılmış İdman Məktəbinin üzgüçülük bölməsinin məşqçi-müəllimi, əməkdar məşqçi Vaqif Nəsibov bizimlə söhbətində deyib. O, bildirib ki, hər bir insan üzməyi bilməlidir. Biz müəllimlərin əsas işlərindən biri ilk növbədə uşağa üzməyi öyrətmək və bu idman növünə daha çox sevgisi olan uşağı gələcəkdə bu sahədə inkişaf etdirməkdir. Buna görə də mütəxəssislər uşaqlara məsləhət görürlər ki, üzməyi öyrənmək üçün 5, 6, 7 yaşlarından bu idman növü üzrə məşqlərə başlamalıdır.
Bu idman növü insana dinclik və sakitlik qazandırır
Vaqif Nəsibovun fikrincə, üzmək sümük, astma xəstəliklərinin müalicəsində effektiv təsir göstərir, bütün əzələləri gücləndirir, stressi aradan qaldırır, diabet riskini azaldır, artıq yağları əridir, gözəl bədən quruluşuna sahib olmağınıza kömək edir. İnsan üzərkən vücudun bütün əzələləri hərəkət edir və bədəni yaxşı formada saxlayır. Eyni zamanda üzgüçülük oynaqlarınızı işlətdiyi üçün zamanla daha da elastiklik qazanaraq oynaq və sümük çıxıqları, qırılmaları kimi problemlərlə qarşılaşmamağımıza kömək olur. Üzgüçülük o qədər faydalı bir idman növüdür ki, yaşlı nəsil də onunla məşğul ola bilər. Hətta hamilə qadınlara da məsləhət görülür. Selülitdən azad olmalarına, dərinin hamar və cavan qalmasına, həmçinin doğuşdan sonra yaranan artıq çəkidən qurtulmalarına kömək edir. Üzgüçülük ürək sağlamlığını və davamlılığı inkişaf etdirməklə yanaşı xolesterini nəzarət altına alır və təzyiqi tənzimləyir. Eyni zamanda oynaqların yüngülləşməsinə, əzələlərin isə müqavimətinin artmasına imkan verir. Üzgüçülüyün digər faydası isə ağ ciyərlərin və tənəffüsün işini sağlam şəkildə təmin etməkdir. Bu idman növü insana dinclik və sakitlik qazandırır. Üzgüçülük uşaqların sağlamlığında, hərtərəfli fiziki inkişafında böyük əhəmiyyətə malikdir.
Hovuzu seçərkən nələrə fikir verilməlidir?
Əməkdar məşqçi Vaqif Nəsibov üzgüçülükdə əsas əməl edilməli qaydalar haqqında da məlumat verib. Bildirib ki, sanitar-gigiyenik normalara əməl olunmayan hovuzlarda yoluxucu xəstəliklərin yaranma ehtimalı olduğundan ehtiyatlı olmaq lazımdır. Hovuzda xlorun normadan çox olması insanda allergetik dəri xəstəlikləri yarada bilər. Sudan çıxdıqdan sonra özünüzü soyuqdan qorumasanız xəstələnə bilərsiniz. Əsasən də baş və qulaq nahiyəsini soyuqdan mütləq qorumaq lazımdır. Hovuza atıldıqda diqqətsizlik nəticəsində xəsarət ala bilərsiz. Güclü üzgüçü deyilsinizsə, əlbəttə, boğulma ehtimalı da ola bilər. Üzməyi öyrənənə qədər qolluqlardan istifadə edilsə çox yaxşı olar. Üzmək heç bir əziyyət tələb etməyən bir idman növüdür. Formada qalmaq və sağlam həyat tərzi yaşamaqdır.
İdman məktəbinin üzgüçülük bölməsinin baş məşqçisi Mahmud Şahbazov da bizimlə söhbətində üzgüçülük idman növü haqda və xüsusən də onun uşaqlar üçün faydalarından danışıb. Onun sözlərinə görə, uşaqdan-böyüyə hər bir insan üzməyi bacarmalıdır. Ələlxüsus, fövqəladə hallar zamanı müəyyən vaxta kimi suyun üzərində dayanmağı bacarmalıdır. Sağlamlıq üçün uşağı 2-3 aylığından sonra su ilə təmasda saxlamaq olar. Mütəxəssisin sözlərinə görə, üzgüçülükdə suyu hissetmə anlayışı var. Bu anlayış dəri reseptorları və əzələ proprioreseptorları ilə təmin olunur. 6-7 yaşlı uşaqlar artıq siqnallara adekvat cavab verə bilirlər. Yaşca daha kiçik uşaqlar isə bədənlərinə, onun hərəkətinə və göstərdikləri müqavimətə suyun təzyiqini hiss edir, amma anlaya bilmirlər ki, belə olan halda, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. Bu prinsipə əsaslanaraq,
Üzən zaman bədənin bütün əzələləri və skelet quruluşu hərəkətə keçir
Mən bir şeyi xüsusi ilə vurğulamaq istərdim ki, üzən zaman bədənin, az qala, bütün əzələləri və skelet quruluşu hərəkətə keçir, nəticədə bütün bədən boyu qan dövranı sürətlənir. Sağlam toxuma quruluşunun bol qan və bol oksigenlə təminatı hər bir insan üçün vacibdir. Uşaqlara üzməyi öyrətməklə profilaktika və qamət pozuntusunun düzəldilməsi, əzələlərdə gərginliyin azaldılması, onurğanın boşaldılması, daxili orqanların fəaliyyətinin normallaşması, əzələ korsetinin möhkəmləndirilməsi, əzələlərin, orqanların və toxumaların qidalanmasının yaxşılaşdırılması, çəkinin effektiv azaldılması, orqanizmin möhkəmləndirilməsi, stressin azaldılması kimi nəticələrə nail olmaq olar.
Ciddi məşqlərə və yarışlarda iştirak etməyə 11-12 yaşlarından başlamaq daha yaxşıdır. İdman nailiyyətləri də bu yaşdan etibarən daha sürətlə artır. 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar da var. İdman üzgüçülüyü ilə məşğul olanlar arasında hər il maraqlı yarışlar keçirilir. Gənc üzgüçülər ayda bir dəfə öz uşaq idman məktəblərində starta çıxırlar. Yaxşı olar ki, uşaqlar üzməyi təcrübəli məşqçilərin, təlimatçıların və ya idmançıların rəhbərliyi altında öyrənsinlər.
Üzməyi yeni öyrənənlər üçün qış və yay hovuzlarında kiçik hovuzcuqlar, çimərliklərdə isə təmiz sulu, hamar, qumlu dibi olan, küləyin və axının mane olmadığı sahələr ayrılır. Üzmək estetik baxımından, xüsusilə qadınlarda bədənin formasının yaxşılaşmasına gətirib çıxarır. Üzməzdən əvvəl və sonra bütün orqanizminiz, əzələləriniz üzməyə hazır vəziyyətə gətirilməlidir. Bunun üçün isə üzməkdən öncə və sonra müxtəlif idman hərəkətləri etməyiniz vacibdir. Bütün hərəkətləri asandan çətinə doğru edin. Çünki əzələlərinizin gərilə bilməsi üçün bu çox vacibdir. Yeməkdən iki-üç saat sonra hərəkətlər edin, yeməkdən dərhal sonra idmana başlamayın. Hovuz kənarında etdiyiniz bütün hərəkətlər estetik olmalı, üzməni xatırlatmalıdır. İdman edəcəyiniz yerin, otağın havasına fıkir verin.
Üzmək üçün ən ideal temperatur olmalıdır
Çalışın çox isti yerdə hərəkətlər etməyin. İdeal temperatur müsbət 18-25 dərəcədir. Hərəkətləriniz rahat, yumşaq və nəzarətli olmalıdır. Vücudunuzu heç vaxt qısmayın, yoxsa gözəl vücuda sahib ola bilməzsiniz. Üzgüçülük idmanı bədəninizdəki yağ, pıy qatlarının azalmasına kömək edəcəkdir. Su və maye qəbul etməyi unutmayın. Hər idman fəaliyyətindən sonra bir stəkan su içməniz məsləhətdir. Üzərkən enerji sərf edirsiniz. Belə deyirlər ki, 10 dəqiqəlik bir üzmə vaxtı fılan qədər enerji sərf olunur. Bu haqda çox yazılıb, çox deyilib. Ancaq əslində belə deyil. Çünki 50 kq çəkidə olan bir üzgüçü xanımla 90 kq-lıq çəkili başqa bir xanım eyni templə üzsələr də sərf etdikləri enerji heç vaxt eyni ola bilməz. Yenə, üzmə vaxtı bir üzgüçünün tənəffüsü, nəfəs alıb-verməsı nizamlı, o birininki isə normal deyilsə, yəni üzmə zamanı tənəffüsü çətindirsə, hətta arada bir su da udursa onların sərf etdikləri enerji necə eyni ola bilər? Beləliklə, onlardan biri bədənindəki yağları enerji sərf edərək yandırırsa, biri bitkin bir şəkidə süst düşəcəkdir. Bəzən idmandan sonra problemlərlə qarşılaşa bilərsiniz; spazmalar, tutulmalar özünü büruzə verə bilər. Buna görə üzdükdən sonra saçlarınızı yaxşıca qurudun, bədəninizi soyuqdan, istidən qoruyun, küləkdə əsla qalmayın. Dincələrkən belə vücudunuzun simmetrik, estetik və düzgün duruşuna fikir verin, çünki vücudunuz soyuyarkən də formalaşır.
Məktəbin baş məşqçisi idman üzgüçülüyündə olan üsullar haqda ətraflı məlumat verib. Bildirib ki, su idmanında dörd əsas üsul var: krol, arxası üstə, brass və batterflyay. Krol - ən sürətli üzgüçülük üsuludur. Krolçu növbəli şəkildə əlləri ilə suda üfiqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən (sağa və ya sola) üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsi buraxır. Arxası üstə üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə krolda olduğu kimidir. Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu batterflyay, daha doğrusu, onun delfin növüdür. Kroldan fərqli olaraq delfin üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir. Üzmək və suda boğulanları xilas etmək üçün ən rahat üsul brassdır. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən etdiyi hərəkətlərə çox bənzəyir.
Müsahibə zamanı balaca üzgüçülərlə də tanış olduq. Onların üzmə məharəti isə diqqətimizi dərhal cəlb etdi. Bakıdakı 46 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Raul Məmmədzadə üzgüçülük idman növünü çox sevdiyini və bununla 4 ildir ki, məşğul olduğunu deyir: “Üzgüçülüyü çox sevirəm. Hələ lap balaca yaşlarımdan bu idman növünün vurğunuyam. İlk vaxtlar suyun üzərində qala bilmirdim, üzə bilmirdim. İndi artıq üzməyi yaxşı bacarıram”.
Ölkəmizi beynəlxalq su idmanı yarışlarında layiqli təmsil etmək arzusundayam
210 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Mədinə Aslanova da üzməyin faydalarından danışdı. O, gələcəkdə məşhur üzgüçü olmaq arzusundadır: “Bu idman növünə olan sevgim çox böyükdür. Gələcəkdə məşhur üzgüçü olmaq istəyirəm. Ölkəmizi beynəlxalq su idmanı yarışlarında layiqli təmsil etmək arzusundayam”.
Məşqçilər deyir ki, uşaqlar üçün ən vacib şərtlərdən biri yaxşı hovuzun seçilməsi, suyun təmiz, təlimçilərin isə səbirli olmasıdır. Övladınızı üzgüçülüyə yazdırmazdan əvvəl mütləq hovuzun parametrləri ilə tanış olun. Hovuza baş çəkin, işçilərlə danışın, suyun təmizliyini təsdiqləyən arayışlara baxın. Eyni zamanda, duş kabinələrini yoxlayın, soyunma-geyinmə otaqlarında qızdırıcıların olmasına və içərinin soyuq olmamasına diqqət yetirin. Ən əsası isə uşaqlarınızı mütləq üzgüçülüyə yazdırın. Bununla onun sağlam həyatını elə uşaq vaxtından təmin etmiş olarsınız.
Rəşad ZİYADOV
|
|
18.05.2018 | 17:16 | |
|
|
|