Bilik və bacarıqların sintezi | |
Müasir dövrün reallıqları gələcəyin təminatçıları olacaq yüksəkixtisaslı, bilik və bacarıqlara malik, dövrün çağırışlarına çevik cavab verə biləcək insan kapitalının formalaşdırılmasını tələb edir. Artıq heç kimə sirr deyil ki, sürətlə dəyişən innovasiyalar əsrində əsas hərəkətverisci qüvvə olaraq gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Bu mənada təhsil müəssisələrində və məktəbdənkənar fəaliyyət sahəsində şagirdlərin elm və mühəndisliyə həvəs və marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərdən biri kimi çıxış edir.
Dediklərimizin əyani nümunəsini mayın 12-də “ADA” Universitetində keçirilən “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışında müşahidə etmək olardı. Həmin gün “ADA” Universiteti növbəti innovativ elmi layihəyə ev sahibliyi edirdi. Ölkəmizin dövlət və özəl ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar elmi bilik və mühəndislik bacarıqlarının nümayişinə çıxmışdılar. Bilik və bacarıqların sintezinin əyani göstəricisi olan yarışmada elm və mühəndislik yolunda öz titrək addımlarını atan şagirdlərin həyəcan və sevinci onların üzlərindən hiss olunurdu. Yarışmada iştirak edən 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə güclərini sınayırdı. Şagirdlər ərsəyə gətirdikləri layihələri 3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində münsiflər heyəti qarşısında nümayiş etdirirdilər.
Şagirdlər əyləncəli bir mühitdə elmi və texnoloji xarakterli problemləri qaldırır və onların həlli yollarını araşdırmağa cəhd edirdilər. Uşaqlar gələcək həyatımızda robotların hökmran olacağının fərqindədirlər, lakin bu gün yaratdıqları kiçik robotlar onlara tabedir. Onlar ərsəyə gətirdikləri robot qurğuları idarə etməklə öz fantaziyalarını, düşüncələrini ortaya qoyurdular.
İntellektual oyunlar mənimsəməni 35-40 faiz yüksəldir
Yarış iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov öz çıxışında gənclərin inkişafında bu cür intellektual yarışların böyük əhəmiyyət daşıdığını qeyd edib: “Bir çox ölkənin təcrübəsinə baxsaq görərik ki, intellektual oyunlarla məşğul olan uşaqların mənimsəmə faizləri 35-40 faiz yüksəkdir.
İntellektual potensial inkişafın əsasıdır
F.Qurbanov intellektual potensialın hər bir ölkənin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Biz bilirik ki, hər bir dövlətin inkişafını onun intellektual potensialı müəyyənləşdirir. Ölkənin inkişafı əsasən insan kapitalından asılıdır. Bu insan kapitalı da formal təhsil müəssisələrində biliklər nəticəsində və məktəbdənkənar fəaliyyətlərdə formalaşır. Siz təhsildən kənar bilikləri, bacarıqları, vərdişləri əldə edirsiniz. Buna görə də gələcəkdə sizin vəzifəniz ondan ibarət olmalıdır ki, müstəqil çalışmağı, müstəqil informasiya əldə etməyi bacarasınız. İnformasiyanı təhlil edə bilmək və onun əsasında qərar qəbul edə bilmək bacarığınız olmalıdır. Ona görə də belə intellektual oyunlarda iştirak sizin gələcəkdə bir mütəxəssis kimi formalaşmağınızda, özünüzü təsdiq etməyinizdə çox böyük rol oynayacaq”.
Nazir müavini qeyd edib ki, bu cür yarışlar şagirdlərə öz bilik və düşüncələrini ortaya qoymaqla onlara komanda halında işləmək bacarıqlarını qazandırır: “Məhz komanda oyunu hansısa bir nəticəni verir. Gələcəkdə yəqin ki, siz istedadınızı elmdə, texnologiyalarda istifadə etsəniz, bu, sizin üçün çox önəmli olacaq”.
Estoniyaya “Robo-Sapiens”lə
Daha sonra yarışmanın ayrı-ayrı nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Bakıdakı “İstək” liseyinin komandası “Robot yarışı”, “Ankara məktəbi” məktəb-liseyi “Layihə təqdimatı”, 6 nömrəli məktəb-lisey “Robot dizaynı”, akademik Zərifə Əliyeva adına lisey “Əsas dəyərlər”, Bakı Modern Təhsil Kompleksinin komandası “Mars Akademiya” nominasiyaları üzrə qalib elan olunublar.
Şagirdlərə medal və sertifikatlar, qalib komandalara isə kuboklar təqdim olunub.
Nəhayət, həlledici məqam yetişdi. Azərbaycanı Estoniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək komandanın adı açıqlandı. Birgünlük mübarizə və həyəcan içində keçən yarışın “Çempion”u adına Bakı Avropa Liseyinin şagirdlərindən Murad Quliyev, Əkbər Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənlidən ibarət “Robo-Sapiens” komandası layiq görülüb. Beləliklə də Azərbaycanı iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə Bakı Avropa Liseyinin “Robo-Sapiens” komandası təmsil edəcək.
Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.
Oruc MUSTAFAYEV
|
|
18.05.2018 | 12:30 | |
|
|
|