Orta ixtisas üzrə yeni təsnifat təsdiq edilib | |
Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb. Eyni zamanda bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb.
Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv edilərək müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi nəzərdə tutulub.
Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib. Eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub.
Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlayaraq aparılacaq.
|
|
18.04.2020 | 16:23 | |
|
|
|