SDU-da Magistrantların XVIII Respublika elmi konfransı işə başlayıb

Mayın 17-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş magistrantların XVIII Respublika elmi konfransı öz işinə başlayıb.

 

Əvvəlcə iştirakçılar ulu öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Universitetin rektoru, professor Elxan Hüseynov konfransı açaraq onun gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyindən, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs edib. Bildirib ki, ulu öndər istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmışdır. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rektor konfransın əhəmiyyətindən  danışaraq bildirib ki, təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Gənclərin elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən magistrantların Respublika elmi konfransında iştirak edənlərin  sayının ildən - ilə artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Rektor onu da diqqətə çatdırıb ki, 2017-cü ildə XVII Respublika elmi konfransında 16 ali məktəbdən 1323 nəfərdən çox magistrant iştirak etmişdirsə, bu il ölkənin 25 elm və təhsil müəssisəsindən 1700-ə yaxın məruzə materialı  daxil olmuş, ilkin ekspertizadan  sonra 1546 tezis  konfransın gündəliyinə daxil edilərək toplu şəkildə çap olunub.

 

Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri Afət  Məmmədova, SDU-nun professoru Həsən Sadıqov çıxış edərək konfransın yüksək səviyyədə təşkilindən, gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasından və ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Natiqlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini qeyd edərək, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu vurğulayıblar. 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Günəş Abbasova  “İntellektual sistemlərin metod və modellərin tədqiqi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nurlan  Məlikov  “Dinamik obyektlərin MATLAB mühitində modelləşdirmə sisteminin yaradılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Qasım  Bəylərov  “2,6 dimetilfenolun sintezi”, Bakı Slavyan Universitetinin  magistrantı Umuxanım Müseyibova “Dilçilik müasir mərhələdə”, Odlar Yurdu Universitetinin magistrantı Alim  Babazadə “İş zamanı yuxulamanın qarşısını alan avtomatlaşdırılmış sistem” mövzularında çıxışlar ediblər.

 

Konfrans işini 19 bölmə üzrə iki gün davam etdirəcək. Yekunda bölmə iclaslarında çıxış edən magistrantlara Sumqayıt Dövlət Universitetinin sertifikatı təqdim ediləcək. 



17.05.2018 | 18:51