Rusiyada universitetlər yay sessiyasını onlayn təşkil edəcək | |
Rusiya universitetləri yay sessiyasının onlayn keçirilməsini təşkil etməyə hazırdırlar. Rusiyanın "TASS" agentliyinin məlumatına əsasən, bu barədə ölkənin elm və ali təhsil naziri Valeri Falkov koronavirusun yayılmasının qarşısının alınması şəraitində tədrisin təşkili üzrə işçi qrupunun iclasında bildirib.
"Mən bu gün ən müxtəlif regionların - Uzaq Şərqdən Rusiyanın mərkəzi hissəsinə qədər ali təhsil müəssisələrinin bir çox rektorları ilə danışıqlar aparmaq imkanına malik oldum. Ümumi əhval-ruhiyyə belədir: prinsipcə universitetlər, ali təhsil müəssisələri adaptasiya olunublar və belə bir anlayış var ki, aralıq yekun attestasiyasını hazırda sizinlə fəal istifadə etdiyimiz texnologiyaların köməyi ilə təşkil etmək tamamilə mümkündür", - deyə V. Falkov bildirib. O qeyd edib ki, Elm və Ali Təhsil Nazirliyində distant təhsil formatına keçidlə bağlı yerlərdə müxtəlif həcmdə xərclər vardır. "Amma buna baxmayaraq, sistem uyğunlaşdı və biz bu prosesi keçdik. Odur ki, yaxın zamanlarda Elm və Ali Təhsil Nazirliyinin tabeliyində olan bütün ali məktəblərdən imtahan sessiyasını distant formatda təşkil etməyə hazır olduqları barədə məlumat istəyəcəyik", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, nazirlik koronavirusun yayılmasının qarşısının alınması tədbirləri başlayanda, ali məktəblərə martın 16-dan distant təhsilə keçməyi tövsiyə edib.
Oruc MUSTAFAYEV
|
|
15.04.2020 | 15:00 | |
|
|
|