YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

Koronavirus pandemiyası YUNESKO-nu keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bu barədə təşkilatın rəhbəri Odre Azule " Le Journal du Dimanche" nəşrinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, pandemiya dövründə məktəb və  universitetlərdə dərslərin dayandırılması BMT-nin 2030-cu ilə qədər ümumi təhsilin təmin edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsi yolunda mövcud olan geriləməni gücləndirəcək.

 

"Buna görə də biz təhsil sahəsində ambisiyalı məqsədlərimizə yenidən baxmaq, onun gələcəyini yenidən düşünmək üçün bu dövrdən istifadə etməli olacağıq",-deyə Odre Azule bildirib.

O, pandemiya nəticəsində 1,3 milyard məktəbli və 180 milyon tələbənin təhsildən kənarda qalması barədə YUNESKO tərəfindən yayılan  məlumatları təsdiqləyib.
 

O. Azule xüsusi olaraq qeyd edib ki, dünyada uşaqların və yeniyetmələrin 53% - nin evdə kompüteri, 47% - nin isə internetə çıxışı yoxdur, buna görə də onlar üçün onlayn-tədrisin tətbiqi mümkün deyil.

 

YUNESKO-nun baş katibi pandemiyadan sonra zəif inkişaf etmiş ölkələrdə məktəblilərin sayının azala biləcəyindən ehtiyatlandığını bildirib. Xüsusilə, qızlar təhsil müəssisələrinə qayıtmayacaqlar. Onun sözlərinə görə, Ebola virusunun yaratdığı böhrandan sonra belə bir vəziyyət artıq müşahidə edilib.

 

Oruc MUSTAFAYEV

 



14.04.2020 | 12:36