"Çətin günlər uşaqlarımızın təhsilinə mane olmamalıdır" | |
Avropada məktəblərin əksəriyyəti koronavirus səbəbindən bağlandığından Cisco və IBM şirkərləri təhsilalan və müəllimlərə tədris prosesini məsafədən davam etdirməyə yardım göstərir.
Belə ki, Cisco və IBM məktəblərin bağlandığı bütün ölkələrdə pulsuz virtual siniflər yaratmaq təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün məqsədi şagirdləri və müəllimləri interaktiv onlayn siniflərdə birləşdirməklə yanaşı, onlara texnologiyalara daha dərindən yiyələnməkdə kömək etməkdir.
" Bütün EMEAR (Avropa, Yaxın Şərq, Afrika və Rusiya) ölkələrində təhsilalanlar, müəllimlər və valideynlər virtual təhsilə alışırlar. IBM ilə birgə təşəbbüsümüzün yüz minlərlə şagirdin təhsilini davam etdirməyə və bacarıqlarını inkişaf etdirməyə kömək göstərməsindən qürur duyuruq",- deyə Cisco-nun EMEAR regionu üzrə prezidenti Vendi Mars bildirib.
Cisco Webex həlləri əsasında qurulan virtual siniflər müəllimlərə videokonfrans təşkil etməyə və materialları yazmağa, öz kompüterlərindən dərs keçməyə və müxtəlif tətbiqlərlə şagirdlərlə ünsiyyət qurmağa, onlardan ev tapşırıqlarını qəbul etməyə imkan verir.
Təhsilalanlar və təlimçilərə sinif məşğələlərinin yeni formatına uyğunlaşmağa kömək etmək üçün IBM şirkəti 3 mindən artıq xüsusi təlim keçmiş könüllülərdən istifadə edib ki, onlar da Cisco Webex saytının köməyi ilə uzaqdan öz bilik və təcrübələrini bölüşəcəklər. IBM könüllüləri real vaxt rejimində müəllimlərə dərslərdə tətbiqlərdən maksimum faydalanmağa kömək edir.
"COVID-19 virusu kimi bəşəriyyəti təhdid edən çağırışlar bizə könüllülük hərəkatı və texnologiyalardan istifadə etməklə cəmiyyətimizin gələcəyi üçün ən çox əhəmiyyət kəsb edən sahədə - uşaqlarımızın təhsilində faydalı olanları axtarıb tapmağa imkan verir",- deyə IBM-in Avropa şöbəsinin vitse-prezidenti və direktorlar şurasının sədri Martin Jetter bildirib.
İki şirkətin təşəbbüsü ilə virtual sinif layihəsi artıq bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa, Slovakiya, Finlandiya və Çexiyada həyata keçirilir. Hazırda proqramda bütün Avropada 2 min orta məktəbdən 200 min şagird iştirak edir.
"Qarşıdan gələn çətin günlər uşaqlarımızın təhsilinə mane olmamalıdır. Biz distant təhsil və tədris üçün lazımi vasitələr hazırlamışıq. Lakin başa düşürük ki, bu, kifayət deyildir. Təhsil prosesinin həmişə əsas dayağı olacaq mütəxəssislər, müəllimlər lazımdır. Biz tərəfdaşlarımızın töhfəsini çox yüksək qiymətləndiririk. Onlar müəllimlərimizə yeni texnologiyalara yiyələnmək və tədris prosesini internetə keçirmək imkanı verməklə əvəzsiz və çox vacib yardım göstəriblər. Əminəm ki, biz bu böhrandan yeni biliklərlə, o cümlədən tərəfdaşlıq və rəqəmsallaşmanın vacibliyi ilə çıxacağıq", -deyə Polşanın informasiyalaşdırılma naziri Marek Zagorski bildirib.
İtaliyada virtual sinif təşəbbüsü bir çox şagirdlərə yenidən özünə inam qazanmağa kömək edib. Romadan olan 17 yaşlı şagird Qabrielin söylədikləri:"Mən bu tədris ilini başa vura və buraxılış imtahanlarını verə bilməyəcəyimdən narahat idim. İndi isə bütün proqramları keçmək imkanı var və mən özümü daha inamlı hiss edirəm".
Təlim keçmiş könüllülərin köməyi ilə 100 mindən çox müəllim Madridin virtual siniflərində dərs keçir. "Biz artıq Webex -dən virtual görüşlərdə istifadə etdik və bu xidmət böhran zamanı bizə təşkilatlanmağımıza çox kömək etdi. Bizim 191 müəllim və 2500 şagirdimiz IBM nümayəndəsinin himayəsi altındadır, bu yardımı yüksək qiymətləndiririk",- deyə Madriddəki orta məktəbin direktoru Xavier Martines Arxona bildirib.
Şagirdlər yeni bir pilləyə daxil olarkən davamlılıq xüsusilə vacibdir. Riyaziyyat müəllimi Enrike Morillo del Rio bu fikirlə razıdır: "Şagirdlərimin əksəriyyəti universitetə hazırlaşırlar. Müəllimlərin dəstəyi indi onlara daha çox lazımdır. Bu texnologiya sayəsində biz tədrisə ən yüksək səviyyədə davam edə bildik".
Vendi Mars qeyd edir ki, "Bu çətin zamanlarda birlikdə işləyərək, biznesə, dövlət strukturlarına və cəmiyyətə dəstək olmaq, pandemiyadan əziyyət çəkən hər kəsə dəstək olmaq və ön planda onunla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Biz fəxr edirik ki, Cisco Vebex texnologiyası istər təhsildə, istər tibbdə, istərsə də iqtisadiyyatda insanların birləşməsinə xidmət etdi ".
Oruc MUSTAFAYEV
|
|
13.04.2020 | 16:51 | |
|
|
|