COVİD-19 qədər təhlükəli virus: DEZİNFORMASİYA

Medianın əhəmiyyəti və təsiri dövrümüzdə müzakirəyə ehtiyacı olmayan bir həqiqətdir. Texnologiyanın gündən-günə inkişafı medianın sürətlə böyüyən bir güc halına dönüşməsini təmin etməkdədir. Jurnalistika sahəsində ənənəvi forma və məzmunun dəyişməsi nəticəsində çoxdan formalaşmış texnoloji proseslər yerini daha müasir proseslərə verməkdədir. KİV-in yeni keyfiyyət kəsb etməsi isə, onun cəmiyyətdə rolunun güclənməsinə gətirib çıxarır. Media məhsulu dəyişir, KİV interaktiv və multimediaya çevrilir.

 

Bu gün dünyanın aparıcı güc mərkəzləri medianın bilgiləndirmə və yönləndirmə təsirindən dolayı ona möhtacdırlar. Reklamdan təbliğata qədər hər cür tanıtım və açıqlamalar media tərəfindən təmin edilməkdədir. Dövlətlərarası psixoloji, siyasi və mədəni savaşlar artıq silah və mərmi ilə deyil, məhz media vasitəsi ilə aparılmaqdadır. Transmilli korporasiyalar yeni bazarlar əldə etmək üçün medianın gücündən yararlanırlar, amansız rəqabət mübarizəsində medianın gücünə istinad edirlər. İnkişaf etməkdə olan ölkələrdə modern proseslər müxtəlif formalarda baş verir ki, bu da öz növbəsində kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafına, onların ideoloji məzmun kəsb etməsinə, siyasi prosesdə tətbiqinə ciddi təsir göstərir.

 

Artıq dünyanın ən ucqar nöqtəsi belə qlobal informasiya məkanının qarşısıalınmaz təsir gücünün əhatə dairəsində qalır. İnsanlar buradan xəbər alır, fikirləri və baxışları buradan formalaşır və buradan yönləndirilirlər. Əsasən də belə həssas dönəmlərdə peşəkarlıq və məsuliyyət ən vacib qırmızı cizgi olaraq özünü göstərməkdədir. Hazırda dünya qlobal pandemiya (COVİD-19) ilə mübarizə aparır; bu mübarizənin ön xəttində dövlət aparatı, səhiyyə işçiləri ilə yanaşı, həm də media durur. Məhz belə bir zamanda informasiyanın nə qədər ciddi və təsiredici gücə malik olduğu özünü ən kəskin şəkildə ortaya qoymuş olur.  Şübhəsiz ki, həm bilgiləndirən, həm də maarifləndirən peşəkar jurnalistika ilə yanaşı, həvəskər, hətta “obivatel” yanaşma sərgiləyənlər də kifayət qədərdir.

 

Son bir neçə ayda COVİD-19 - koronavirusla bağlı bir çox məqamlarda müəyyən manipulyasiyalara şahid olduq və hələ də olmaqdayıq. Əsasən sosial mediada biri-birinin ardınca yayılan yalan məlumatlar, hətta bəzi hallarda insanlarda çaşqınlıq və qorxu yaradan əsassız, yalan məlumatların paylaşılması, virusun özü qədər ciddi ziyan vuran məqam olaraq qiymətləndirilməlidir.

 

Koronovirus respirator virusdur və bununla bağlı insanlarda təşviş, həyəcan olması təbiidir. Bu həyəcan və təşviş, əsassız, qorxunc dezinformasiyalar bumu ilə insanlar stress vəziyyətinə salına bilər, bu isə artıq kütləvi psixozun yaşanmasına gətirib çıxarar. Bu zaman məlumatlı olmaq, virusla bağlı maariflənmək,  ciddi qorxu üçün heç bir əsasın olmamasını yəqin etmək çox önəmlidir. Burada isə ən vacib iş artıq medianın, jurnalistlərin üzərinə düşür.

 

Sosial şəbəkələr insanlara öz düşüncələrini istədikləri formada ifadə etməyə, yaymağa imkan verir. Lakin bu hal bizi məsuliyyətdən azad etmir. Çünki yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur. Məsələ yalnız virusun səhhətimiz üçün bir təhlükə olmasında deyil, həm də dezinformasiyalar sayəsində  ümumi ajiotajın yaşanmasındadır ki, bu da çox  təhlükəlidir.

 

Dünya artıq, sanki təkcə virus pandemiyası ilə deyil, qəsdən ortaya atılmış “dezinformasiya pandemiyası” və onun doğura biləcəyi daha vahim nəticələrlə də mübarizə aparmaq məcburiyyətində qalmaqdadır. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə  virusla bağlı sosial mediada yalanlar paylaşan, dezinformasiyalar yayan şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görülür.

 

Birmənalı şəkildə vurğulamaq lazımdır ki, dövlətimiz zamanında preventiv tədbirlərə əl atmaqla, əslində bu gün Avropanı bürüyən  bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı. Ümumdünya Səhiyyə Təşkilatı, bir çox təşkilatlar Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirməkdədir. Diqqət edin: hər gün bununla bağlı hansısa ciddi addımlar artılır, qərarlar qəbul edilir. Peşəkar media bu istiqamətdə tam maarifləndirmə və məlumatlandırma funksiyalarını layiqincə icra edir. Cəmiyyət məlumatlandırılır və zəruri bilgilər onlarla paylaşılır.

 

Unutmayaq, əsas olan doğru bilgiləri paylaşmaq və peşəkarları dinləmək, eyni zamanda görülən qabaqlayıcı tədbirlər çərçivəsində, deyilənlərə əməl etmək, həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumaq və əsla təhlükəyə atmamaqdır.

 

Vüqar Zifəroğlu

Bakı Dövlət  Universitetinin  jurnalistika fakültəsinin dekanı,

Filologiya elmləri doktoru

 

 



12.04.2020 | 12:20