Kəskin respirator virus infeksiyaları ilə mübarizə | |
Viruslar canlı olaraq qəbul edilməyən ən kiçik infeksion cisimciklərdir. Viruslar 2 hissədən ibarətdir: Genetik materialdan ( RNT ya da DNT) və bu genetik materialı xaricdən örtən zülal tərkibli kapsid adlı qişadan.
Viruslar quruluşuna görə sadə və mürəkkəb olur. Sadə viruslar nuklein turşusu və kapsid qişası, mürəkkəb viruslar isə bundan əlavə super kapsid adlı əlavə qişa ilə əhatələnir. Bu super kapsid qişa sahib hüceyrədən, yəni xəstəlik törətdiyi orqanizmdən alınan lipidlər hesabına formalaşır. Bu xüsusiyyət mürəkkəb virusların sadə viruslara nisbətən daha asan xəstəlik törətməsinə səbəb olur. Yer üzərində viruslar tərəfindən törədilən epidemiyalar, pandemiyalar məhz mürəkkəb virusların payına düşür. Mürəkkəb viruslar dezinfeksiyaedicilərin və temperaturun təsirinə həssas viruslardır. Kəskin respirator virus infeksiyalarının törədiciləri RNT tərkibli mürəkkəb viruslardir. Adenoviruslar isə viruslar içərisində istisna olaraq DNT tərkibli sadə viruslardır. Belə virusların əksəriyyətinin xəstəlik törətməsi mövsümi xarakter daşıyaraq yaz-payız aylarına təsadüf edir.
Mövsümlə əlaqədar rast gəlinən xəstəliklər içərisində ilk sırada kəskin respirator virus infeksiyaları adlanan böyük xəstəliklər qrupu dayanır. Yaz və payız aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir.
Kəskin respirator virus infeksiyaları, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı, əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Bu qrup xəstəliklərə: qrip, paraqrip, adenovirus, rinovirus və respirator-sinsitial virusların törətdiyi xəstəliklər aiddir.
Kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70%-i uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnməsinin səbəbi, onların uşaq kollektivlərinə- məktəb və bağçalara getməsi ilə əlaqədardır. 0-6 ay arasında hələ transplasentar passiv immunitetin saxlanması nəticəsində xəstələnmə nadir halda olur.
Bütün kəskin respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (anginalar, uşaq serebral iflici, vərəm, böyrək xəstəlikləri və s.) kəskinləşməsi baş verə bilir. Uşaqlarda anginanın əmələ gəlməsinin bir səbəbi də kəskin respirator xəstəliklərlə tez-tez xəstələnmədir.
Qrip – geniş yayılmış respirator xəstəlik kimi qədim zamanlardan məlumdur.Tarixdə bir çox qrip epidemiyaları milyonlarla insanların tələfatına səbəb olmuşdur. Qrip filtrdən süzülən viruslar tərəfindən törədilir. Bu virusların A,B,C tipləri mövcuddur; yuxarı tənəffüs yollarının selikli qişasından sorularaq qana keçir. Qanla dövr edərək bütün orqanlarda, ən çox da tənəffüs yollarında iltihabi dəyişikliklər törədir. Bu zaman hərarətin qalxması, baş ağrısı, asqırma, burun ifrazatının çoxalması, əhval- ruhiyyənin pisləşməsi, öskürmə, halsızlıq, əzələ ağrıları və s. kimi əlamətlərin artması, digər intoksikasiya əlamətləri xəstənin vəziyyətini daha da pisləşdirir. Ağır hallarda tez-tez burun qanaxmaları, qıcolmalar olur, xüsusən qıcolmalar kiçik yaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Xəstəliyin gedişində bəzən ağırlaşmalar (yalançı inaq sindromu, bronxit, pnevmoniya və b.) baş verir. Sağalma, təxminən 7-10 gün çəkir.
Adenovirus infeksiyası da hava damcı yolu vasitəsilə yoluxur. Yenidoğulmuşlarda və körpə uşaqlarda adenovirusların klinik təzahürü öskürək, boğaz ağrısı, burun axıntısı və temperaturla tamamlanan kəskin faringitdir. Bəzi adenovirus tipləri bunlara əlavə olaraq konyuktivit törədir və bu sendrom farinqokonyuktival qızdırmalar olaraq tamamlanır. Bu xəstəlik, əsasən məktəbyaşlı uşaqlarda müşahidə edilir. Konyuktivit adenovirus infeksiyasının “vizit” kartı kimi, bu xəstəliyin diaqnostikasında mühüm rol oynayır.
Kəskin respirator virus infeksiyalarının müalicəsi də demək olar ki, bir-biri ilə oxşardır. Xəstələrin müalicəsi adətən evdə aparılır. Belə xəstələr evdə sağlam uşaqlardan təcrid olunmalıdır. Xəstələrin müalicəsi simptomatik aparılır. Əgər hərarət 38 0C qədərdirsə, onu aşağı salmaq məsləhət görülmür. 38,5 0C-dən çoxdursa, hərarət salıcılardan və fiziki üsullardan istifadə edilməlidir. Bunun üçün parasetamol, panadol və ya litik qarışıqlardan istifadə olunmalıdır. Burun boşluğuna interferon və ya nazivin salınmalı, əzələ daxilinə qrip əleyhinə immunoqlobulin vurulmalıdır. Öskürmə əleyhinə ambroksol və bromqeksin tipli dərmanlar verilməlidir. Konyuktivit zamanı gözə sulfasil, qentamisin damcıları salınmalı və tetrasiklin məlhəmi sürtülməlidir. Əgər intoksikasiya davam edirsə, qemodez, qlukoza və vitaminlər damcı ilə venaya vurulmalıdır. Kəskin respirator virus infeksiyalarının müalicəsi zamanı uşaqlara ana südü, çoxlu miqdarda limonlu çay, meyvə şirələri verilməlidir. Antibiotiklər yalnız ağırlaşmalar (yalançı inaq, bronxopnevmoniya, pnevmoniyalar, otitlər və s.) olduqda işlədilir.
Kəskin respirator virus infeksiyalarının profilaktikası zamanı məktəbəqədər və məktəb kollektivlərində dezinfeksiya tədbirləri aparılmalı, otaqların havası tez-tez dəyişilməli, qapı dəstəkləri xloraminlə silinməlidir. Sağlam uşaqların burunlarına interferon salınmalı, əllər tez-tez sabunla yuyulmalı, əzələ daxilinə qrip əleyhinə immunoqlobulin vurulmalıdır.
Bu gün dünyada pandemiya kimi yayılan koronavirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür. Sevindirici haldır ki, digər respirator virus infeksiyalarından fərqli olaraq, uşaqlar bu virusa demək olar ki, yoluxmurlar. Yoluxduqda isə, xəstəliyi yüngül keçirirlər.
Koronavirusla yoluxma, ilk növbədə digər virus infeksiyaları kimi asqırma və oskürmə ilə ətrafa yayılır. Biz əllərimizlə, virus bulaşmış səthlərə toxunmaqla yoluxa bilirik. Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı tənəffüs orqanlarını: bronxları və ağciyərləri zədələyib bu orqanlarda kəskin iltihab yaradır. Bu səbəblə də, yoluxmanın ilkin əlaməti öskürəkdir. Bir neçə gün boğazda kəskin ağrı müşahidə edilir və bundan sonra temperatur 38-39 0C-yə qədər yüksəlməyə başlayır. Ancaq, temperatur heç də hamıda müşahidə olunmur. Məsələn, xəstəliyin başlandığı Çinin Uxan əyalətində xəstələrin 30%-də xəstəxanaya daxil olarkən normal temperatur müşahidə edilib. Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri də insanda dad və iy hissinin itməsidir.
Koronavirusun yüngül forması adi mövsüm qripini xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları. Bu cür yoluxmanın müalicəsi də adi qaydalara uyğun, ev şəraitində aparılır və simptomlara uyğun müalicə edilir.
Koronaviruslu xəstələrdə, adətən 5 gün hərarət, yüngül qrip əlamətləri olur və bu zaman ətrafındakıları da yoluxdurur. Belə ki, bu xəstələrlə 1 metrədək məsafədən yoluxmaq mümkündür.
Koronavirus infeksiyasından qorunmaq və xəstəliyə yoluxmamaq üçün ən vacib üsullar:
Virus infeksiyalarının profilaktikası üçün müxtəlif təbii vasitələrdən (vitaminlərlə zəngin olan meyvələr, göyərtilər, tərəvəzlər və s.) istifadə etməklə, immun sisteminin gücləndirilməsi olduqca əhəmiyyətlidir.
İbrahim AĞAYEV Azərbaycan Respublikasının Əməkdar həkimi, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Naxçıvan MR Səhiyyə Nazirliyinin baş məsləhətçi pediatrı
Şəfiqə SÜLEYMANOVA Naxçıvan Dövlət Universitetinin baş müəllimi |
|
11.04.2020 | 09:32 | |
|
|
|