II və III ixtisas qrupu üzrə abituriyentlərə daha bir şans

2018/2019-cu tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 17-23  may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla)  DİM-də təşkil edilən Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. 

 

Müsabiqədə iştirak etmək hüququna 2018-ci il mayın 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə 13 may 2018-ci il tarixində keçirilən qəbul imtahanında iştirak edən (qəbul imtahanını rus dilində verən), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarımil üzrə qiymətləri) “4” və “5” olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

 

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

 

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2018-ci ilin məzunları I yarımil üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

 

2. Şəxsiyyət vəsiqəsi;

 

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

 

Müsabiqəyə DİM tərəfindən 13 may 2018-ci il tarixində keçirilən II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edən abituriyentlər qatıla bilərlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər isə III ixtisas qrupu üzrə imtahan vermiş olmalıdırlar. 

 

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar. 

 

Müsahibə tarixi ilə bağlı əlavə məlumat veriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.  

 

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. 

 

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 6 və 10 iyulda keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq, rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. “Beynəlxalq iqtisadi münasibətlər fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

 

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar. 

 

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

 

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

 

2. Milli pasportun surəti;

 

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;

 

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

 

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

 

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

 

7. Sifilis müayinəsinin nəticəsi;

 

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

 

 

 



16.05.2018 | 17:32