Azərbaycanlı alimin məqaləsi ABŞ-ın beynəlxalq indeksli jurnalında

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin “Poliploid üzüm formalarının tədqiqi” adlı məqaləsi ABŞ-da nəşr olunan Cytology və Histology beynəlxalq indeksli jurnalda dərc edilib.

 

Qeyd edək ki, dünyada ilk dəfə olaraq V.Quliyev tərəfindən eksperimental üsulla üzümün generativ orqanlarda poliploid təbiətli toxumların alınması, nəticədə yeni genom qurluşuna malik üzüm formalarının əldə olunması metodikası hazırlanıb və beynəlxalq nüfuzlu jurnallarda ingilis, rus dillərində çap edilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üzümçülük üzrə seleksiya mərkəzlərində bu metodikadan istifadə olunmaqdadır.

 

Tədqiqat əsərində də yeni yaradılan müxtəlif poliploid üzüm formalarının genom qurluşu, sitoloji və histoloji xüsusiyyətləri haqqında məlumatlar əksini tapıb.

 

Alim Naxçıvanda üzüm genofondunun genetikası və seleksiyası problemləri üzərində otuz ildən artıqdır ki, elmi-tədqiqat işləri aparır. Onun sözlərinə görə,  poliploid formalardan istifadə olunmaqla gələcəkdə genomlu sortlar arasında müxtəlif kombinasiyalı çarpazlaşdırma işlərinin aparılmasına və xəstəliklərə, şaxtalara dözümlü, məhsuldar, yüksək şəkərliliyə malik  məqsədyönlü yeni sortların alınmasına genetik inkanlar yaradılmış olur. Artıq bu istiqamətdə elmi nailiyyətlər də əldə edilib.

 



03.04.2020 | 11:32