“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi | |
Məlum olduğu kimi, martın 12-də "ADA" Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının təqdimatı olub. Bu proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kompüter elmləri və Data analitikası üzrə elmi dərəcə veriləcək. "ADA" Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov "Azərbaycan müəllimi"nə müsahibəsində layihə barədə fikirlərini bölüşüb.
- "ADA" Universiteti və Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində diplom proqramının mahiyyəti və hədəfləri barədə məlumat verməyinizi xahiş edirik. Proqram necə həyata keçiriləcək?
- Əvvəla, dəqiqləşdirim ki, Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılması “ADA” Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında birgə akademik tərəfdaşlıq haqqında razılaşmanın bir hissəsidir. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə, BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərdən üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər. Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı, BP və tərəfdaşları tərəfindən ödənilir.
- Dünyada DATA analitikası nə dərəcədə vacib istiqamət hesab olunur?
- Hazırda 4-cü sənaye inqilabına hazır olmağın vacibliyi heç kəsdə şübhə doğurmur. Bu inqilabın mərkəzində böyük ölçülü verilənlərin (big data) emalına əsaslanan intellektual sistemlər dayanır. Məşhur bənzətmə odur ki, əgər “böyük verilənlər yeni dövrün neftidir”sə, “data analitikası yeni dövrün daxili yanma mühərrikidir”. Bu yeni dövrdə təşəkkül tapan dataizm fəlsəfəsi data axınlarının mühüm rol oynadığı dünyada böyük verilənlər və data analitikasının əhəmiyyətindən xəbər verir.
- DATA analitikası üzrə mütəxəssis hazırlığı Azərbaycan üçün nə dərəcədə önəmlidir və bu təşəbbüs bizə nə verəcək?
- Son dövrlər müxtəlif fəaliyyət sektorlarında rəqəmsallaşma strategiyası həyata keçirildiyi bir zamanda iş elanlarını izləyərkən, bu sahəyə tələb yarandığını görə bilərik. Data analitikası istiqamətində mütəxəssislərə artan ehtiyacı ödəməklə yanaşı, yeni tədqiqatyönümlü magistr proqramının başlanmasının, məncə, daha fundamental əhəmiyyəti var. Dövlət başçısı vaxtilə belə bir fikir səsləndirmişdi: “Gələcək neft və qazdan ibarət deyil. Onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır”. İnnovasiyanı mümkün edən zəruri sistemli ixtiraçılıq mühiti, inanıram ki, məhz keyfiyyətli magistratura (və doktorantura) proqramları ilə təşəkkül tapır.
- Bu proqramın Azərbaycan üçün bir ilk olduğunu deyə bilərikmi? Layihə Azərbaycanın ali təhsil sisteminin rəqabət qabiliyyətliliyinin artırılmasına nə kimi töhfələr verəcək?
- Adətən, “bir ilk” yarışından uzaq olmağa çalışıram. Ümidimiz odur ki, Data analitikası üzrə bu proqramın başlanması həm də “data analitikası” söz birləşməsinin leksikonumuza aktiv daxil olmasına gətirib çıxaracaq. Azərbaycanda BP və tərəfdaşlarının dəstəyi ilə "ADA" Universitetində qurulmuş Data Analitikası üzrə Tədqiqat Mərkəzi (CeDAR) magistratura proqramının açılması sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. - Corc Vaşinqton Universiteti ilə həyata keçirilən bu yeni təşəbbüs ADA-ya hansı dividendlər qazandıracaq?
|
|
20.03.2020 | 11:07 | |
|
|
|